“Heç nədən dedi-qodu yaradırlar”
11.04.2011 - 16:43
“Heç nədən dedi-qodu yaradırlar”
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”la oyundan sonra azarkeşlə aranızda yaranan insident haqda fikirlərinizi bilmək istərdik...
- Elə də böyük insident olmadı. Azarkeşlərdən biri söz atdı. Ondan soruşdum ki, mənə hansı əsasla bu sözləri deyirsən. Bundan sonra ara qarışdı.

- Siz hələ futbolçu karyeranızda təmkinli olmağınızla seçilmisiniz. Həmin azarkeş sizə nə dedi ki?
- Söz atdı. Dedi ki, “Neftçi” ilə görüşdə niyə belə oynamırdınız. Öncə fikir vermədim. Sonra yenə təkrarladı. Açığı, bilmədim ki, bu əsl azarkeş idi, yoxsa başqa birisi. Azarkeşə oxşamırdı. Mən də yaxınlaşıb dedim ki, bunu nə üçün deyirsən? Bəlkə indiyədək haqqımda hansısa xoşagəlməz sözlər eşitmisən, bəlkə futbolda olduğum 20 ildə hansısa oyun vermişəm? Ünvanıma xoşagəlməz sözlər işlətdi. Bir-birimizə fikirlərimizi çatdırdıq. Bir nəfərlə söhbət edən zaman görürsən ki, hamı yığışır, hay-küy olur. Əlbəttə, istəməzdik ki, belə olsun.

- Sizcə, həmin şəxs kim idi?
- Bilmədim.

- İnsident zamanı kapitanınız Rəşad Sadıqov zərbə alıb...
- Hə, ara qarışan zamanı əlim Rəşada dəydi.

- Bu məsələdə özünüzü, yoxsa qarşı tərəfi daha çox günahkar sayırsınız?
- Xoşagəlməz şeylər eşidəndə, adam bəzən özündən çıxır. Ancaq belə olmamalıdır. Futbolda belə şeylər baş verir.

- Futbolda ajiotajın olması normaldır. Ancaq əlbəttə, hər şey qanun çərçivəsində olmalıdır. Sizcə, baş verənlər mövsüm sona yaxınlaşdıqca “altılıq”dakı gərginliklə bağlıdır?
- Ümumiyyətlə, son vaxtlar futbolumuzda söz-söhbət, dedi-qodu çoxdur. Azarkeşlər, klublar arasında belə halların olması xoşagəlməyən haldır. İstəməzdim ki, bunlar olsun. Biz hamımız azərbaycanlıyıq. Görürsən ki, hansısa söyüş işlədirlər. Hətta futbolçularımız Belçikadan qayıdandan sonra belə bir söz-söhbət oldu. Belə şeylər olmaz, biz müsəlmanıq. Kimisə təhqir etmək düzgün deyil. Mənim üçün də xoş deyil ki, kiminləsə münaqişəm düşsün. Ancaq son vaxtlar o qədər belə şeylər var ki, istər-istəməz xoşagəlməz hallar olur. Bu dəqiqə futbolumuzun ən çətin vaxtlarıdır. Bir tərəfdən yaxşı inkişaf etmək, futbol göstərmək istəyirik, digər tərəfdən təzyiqlər həddən artıq çoxdur. Görürsən, heç nədən dedi-qodu yaradırlar, biri uduzanda deyirlər ki, bilə-bilə uduzdu. Kimə, nəyə lazımdır, haradan çıxır bu fikirlər? Futbolumuzda inkişaf gedəcək, getdikcə daha yaxşı olacaq, sadəcə, bir az çətinliklər var. Səbr etmək lazımdır.

- “Qarabağ” 9 oyunluq qələbə seriyası ilə çox inamlı təsir bağışlayırdı. Ancaq son 2 oyunda, özü də əsas rəqibləriniz olan “Neftçi” ilə “Xəzər Lənkəran”la oyunda qalib gələ bilmədiniz. Bu uğursuzluğu nə ilə əlaqələndirmək olar?
- Normal haldır. Mən bunu uğursuzluq saymazdım. “Neftçi” və “Xəzər Lənkəran” nəticəyə, çempionluğa oynayan komandalardır. Bütün oyunları uda-uda getsək, onda işləmək çox asan olar. Əlbəttə, qələbə seriyası varsa, məğlubiyyət seriyası da olmalıdır. “Neftçi”yə məğlubiyyətdən sonra toparlana bildik. “Xəzər Lənkəran”la oyun çox yaxşı, maraqlı, sürətli idi. Hər iki komandanın oyunundan razı qaldım. Qarşıdakı oyunlarımız daha da maraqlı, ağır olacaq.

- 6 tura liderlə 7 xallıq fərdi aradan qaldırmağınız nə dərəcədə realdır?
- Çempionatın əvvəlindən də məqsədimiz avrokuboklara çıxmaqdır. Əlbəttə, imkan daxilində daha yuxarı pilləyə çıxmağa çalışırıq. Bunu reallaşdırmağa səy göstəririk. Futbolda mümkünsüz heç nə yoxdur. Bu gün biz xal itirmişiksə, sabah rəqib də xal itirə bilər. “Altılıq”da 4 oyun keçsə də, “Xəzər Lənkəran” qalib gəlməyib. Ancaq bu, o demək deyil ki, komanda zəifdir. Əksinə, “Xəzər Lənkəran”ın dünənki oyunundan çox xoşum gəldi. Çox yaxşı futbolçuları var. Bütün komandaların səviyyəsini qalxması adamı sevindirir. Nəticədə daha yaxşı oyun nümayiş etdirməyə başlayıblar. Bu gün biz nəticəyə tələsməməliyik. Çempionatımızın, meydançalarımızın səviyyəsinin daha da yaxşılaşdırmalıyıq. Fikrimiz daha çox bunda olmalıdır. Bu gün daha çox nəticəni düşünsək, sabahımızı uduza bilərik. İnşallah, bütün bunlar sabitləşəndən sonra nəticələrimiz daha da uğurlu olacaq.

- Qalan ev oyunlarınızı Suraxanıda, yoxsa Ağdamda olacağı müəyyənləşibmi?
- Hələ yox. Hazırda Suraxanıda oynayırıq. Səhv etmirəmsə, Quzanlıdakı stadionun meydançası mayın 1-də hazır olacaq. Hansı oyunlarımız ora düşəcək, rəqiblərimiz ora gedəcək, ya yox – bu, hələ tam bilinmir. Rəqiblərimizin razılığı olsa, orda oynaya bilərik.

- Qışda transfer etdiyiniz serbiyalı Boyan Pavloviç inamlı təsir bağışlayır. Millimizin də üzvü olan Fərhad Vəliyev artıq əsas heyətdə yerini itirir. Belə demək olar ki, Fərhada yerini qaytarmaq çətin olacaq?
- Yox, niyə ki? Fərhad da oynayacaq. Əksinə, qapıçılarımızın ikisinin də eyni səviyyədə olması bizi sevindirir. Oyun olacaq Fərhadı qapıya qoyacağıq, oyun da olacaq Boyanı. Fikrimcə, qapıçılarımızla bağlı vəziyyət daha da yaxşılığa doğru gedəcək.

- İlqar Qurbanov və bir sıra futbolçularınız var ki, ümumiyyətlə, oynamırlar. Onların gələcək taleyi necə olacaq?
- Bu şeylərdə tələsmək lazım deyil. Hətta futbolçunun özü də tələsməməlidir. Əgər biz futbolçunu komandaya dəvət etmişiksə, onu birdən-birə əsas heyətə qoya bilmərik. O, buna tam hazır olmaz. Futbolçular var ki, 3-5 ay komandaya uyğunlaşır. Get-gedə formalarını bərpa edib, “18-liy”ə də, əsas heyətə də düşəcəklər, elə olacaq ki, sonradan meydana çıxacaqlar.

- Latviya yığmasının üzvü olan Andrey Rubinin son vaxtlar oynamamağı rəqabətdə geri qalması ilə bağlıdır, yoxsa?
- Rubini bu gün meydana buraxsaq, yenə oyunumuz pisliyə doğru dəyişməz. Bəlkə də yaxşı olar. Sadəcə, indi daha yaxşı formada olanlara üstünlük verirəm. Ancaq Andrey bu gün əsas heyətin oyunçusudur. Sabah onu düşünmədən əsas heyətdə buraxa bilərəm.

- Millimizin Belçikaya 1:4 hesablı məğlubiyyətindən sonra Berti Foqtsun istefaya göndərilməsi haqda daha çox danışılır. Bu postu əsas namizəd kimi sizin adınız hallanır. Bu ajiotaj sizə necə təsir edir?
- Belə təkliflər olacaq, yazacaqlar da. Mən bu gün “Qarabağ” klubundayam, şükürlər olsun ki, hər şey düşündüyümüz kimi gedir. Başqa planlarımız da var. Tək mən yox, başqa məşqçilərimizə də təklif edirlər. Futbolda, idmanda məşqçi işi elədir ki, hər zaman dəyişə bilər. Ona görə də bunları normal qəbul etmək lazımdır. Ancaq “Qarabağ”da qalıb işləyirik və gələcəkdə daha yaxşı uğurlar əldə etməyə çalışırıq.

- Siz 39 yaşda özünüzü milli komandamızın baş məşqçisi olmağa hazır sayırsınız?
- İndi bu haqda düşünmürük. Hazırda bu haqda düşünməsək, daha yaxşı olar. Çalışırıq ki, bizdəki gəncləri daha yaxşı yetişdirək, millimiz üçün daha yaxşı futbolçular olsunlar, komandamızı daha yaxşı komplektləşdirək.

- Yəni bu vəzifə sizin üçün hələ tezdir?
- Belə də demək olar.

Mehman SÜLEYMANOV