Ernad Skuliç: Baş məşqçimiz məni də qova bilər - MÜSAHİBƏ
11.04.2011 - 23:00
Ernad Skuliç: Baş məşqçimiz məni də qova bilər - MÜSAHİBƏ
Yeni ilin gəlişi bəzi futbolçulara düşərli olmadı. Yanvarda Antalyada keçirilən təlim-məşq toplanışında zədələnən "Bakı"lı Ernad Skuliç də bir ay meydana çıxmadı. Amma hər şey bununla bitmədi. "Xəzər Lənkəran"la matçda qayıdan yarımmüdafiəçi 78-ci dəqiqədə rəqiblə toqquşaraq, zədələndi. Əvvəlki bütün baş məşqçilərin zamanında əsas heyətdə yer alan legionerin Aleksandr Starkovun gözünə girməsi artıq asan olmayacaq. Başına gələn son hadisələrlə bağlı "Sport Favorit"ə danışan Skuliç "Bakı"dan getmək istəmir.

- Üç həftə müalicə kursu keçməliyəm. Həkimlər dedi ki, bəlkə də zədə ondan tez sağaldı. Amma çətindir. AZAL-la oyunu kənardan izləmək mənə ağır gəlirdi.

- İlin əvvəlindən zədələr sizdən əl çəkmir. Bunun səbəbi nədir?
- Özüm də bilmirəm. Yanvarda Antalyada bütün yoxlama matçlarda oynadım. Di gəl, son məşqlərin birində topuğumdan zədələndim və təcili kiçik əməliyyat keçirdim. Baldırımda ağrılar hələ də qalır. Elə bil bəxt də məndən üz döndərib.

- "Bakı"nın çempionatda heç nəyə şansı qalmayıb və ümidiniz yalnız kubokadır.
- Mövsümə yaxşı başlamadığımızdan, bu gün nə çempionluqdan, nə də medallardan danışa bilərəm. Çox xal itirmişik, bundan sonra hər oyunu udsaq da, liderlərə çatmağımız gecdir. Çempionatda dördüncü yeri isə tuta bilərik. Keçən il də "Bakı"nı hesabdan silmişdilər. "Altılıq"da az qalmışdı ki, çempion olaq. Niyə təkrar o günlərə qayıtmayaq? Avropanın qapıları üzümüzə bağlanmayıb. İstər çempionatda, istərsə də kubokda.

- Ümidiniz böyükdür?
- Ümidsiz yaşamağa dəyməz ki… Yarımfinalda “Xəzər Lənkəran”ı keçsək, kuboku qazanarıq.

- Bəs "Xəzər Lənkəran"ı keçə biləcəksiniz?
- Onları tanıdığım vaxtdan güclü komanda olduqlarını görmüşəm. Lakin qorxmuruq. Üstəlik də, bizimlə oynayanda çətinlik çəkirlər. İki ildir "Bakı"nı uda bilmirlər. Gərək çalışaq ki, yenə də udaq. Avropaya vəsiqə qazanmasaq, bu mənə şok olar. Çünki komandamız çox güclüdür və Azərbaycanda istənilən məqsədə çata bilərik.

- Aleksandr Starkov 3 aydan çoxdur komandanı çalışdırır. Dəyişiklik çoxdur?
- Nizam-intizamı soruşursuzsa, hamıya münasibətdə diqqətcildir. O, fərqli təfəkkürlü məşqçidir. Taktiki hazırlığın üzərində daha çox işləyir. Starkov tələb edir ki, komanda oyunu oynayaq. Oyundan-oyuna fərq hiss olunur. Bir-iki həftədən sonra daha da yaxşılaşacaq.

- Latviyalı mütəxəssis bəzi futbolçulardan kəskin narazıdır və yayda islahatlar aparacaq. Starkovun etimadını doğrulda biləcəksiniz?
- O, nə istədiyini bizə deyib. Tələblərini yerinə yetirmək üçün hər birimiz oyunumuza diqqət etməliyik. İki aydan sonra istənilən futbolçuya "lazım deyilsən" deyə bilər. Elə mənə də. Bu sözü eşitməmək üçün var gücümlə oynayacağam.

- Müqaviləniz nə zaman bitir?
- Gələn mövsümün sonunda.

- Təkliflər var?
- Dörd ildir "Bakı"nın şərəfini qoruyuram. Təkliflər bu 3 ildə çox olub. Yerli klublardan da, Avropadan da. İndiyədək getməmişəm, bundan sonra da getmək istəmirəm. Məni "Bakı"ya rəhbərlikdən gördüyüm yaxşı münasibət bağlayır.