“Rusiyada mənimlə çox pis rəftar etdilər”
11.04.2011 - 23:08
“Rusiyada mənimlə çox pis rəftar etdilər”
16 yaşında rusiyalı mütəxəssis Oleq Dolmatovun rəhbərlik etdiyi “Rostov”un heyətinə yol tapmağa başlayan, lakin adi anlaşılmazlıq üzündən Rostovda rəhbərliklə münasibəti korlanan Ruslan Qurbanovun karyerasında ciddi problemlər başladı. Transfer vərəqini il yarım ala bilməyən gənc forvard Rostov təmsilçisinin böyük transfer məbləği istəməsi üzündən başqa kluba da keçə bilmirdi. Məcburiyyətdən yarım ili həvəskar “Nefteximik”də keçirən Ruslanın taleyində dönüş nöqtəsi Stavropol “Dinamo”su ilə görüş olur. Bu qarşılaşmada futbolçu bir vaxtlar “Neftçi”nin şərəfini qorumuş, sonralar isə Rusiyada, o cümlədən Stavropolda – “Dinamo”nun formasını geyinən Rasim Abışovun xoşuna gəlir. O, gənc həmvətəninə Azərbaycana getməyi təklif edir və beləcə Ruslan öncə “Neftçi”nin heyətində peyda olur, sonra isə gənclər millisinin aparıcı futbolçusuna çevrilir.
Lakin nədənsə “Neftçi”nin baş məşqçisi Arif Əsədov kifayət qədər böyük potensial vəd edən forvarda şans vermir və o vaxtının böyük hissəsini əvəzedici komandanın heyətində keçirir.

- Yaxınlarda gənclərdən ibarət millimiz İspaniyada keçirilən beynəlxalq turnirdə Rusiya yığmasına biabırçı hesabla (0:8) uduzdu. Belə məğlubiyyəti necə izah etmək olar?
- Rusiya millisi bizi bütün komponentlərdə üstələdi. İstədiklərini etdilər. Burada təəccüblü bir şey də yoxdu. Onların az qala hamısı Rusiya Premyer Liqasında oynayır. Bizim onlarla başabaş oynamağa potensialımız çatmır. Biz rəqibin ciddiliyini lazımınca qiymətləndirməmişdik.

- Bəlkə problem gənclərdən ibarət milli komandanın əksər futbolçularının klublarında ehtiyatda oturmasıdır? Halbuki indi sizin elə yaşınızdır ki, mütləq oynamalısınız...
- Üzərimə düşəni edirəm. Baş məşqçimizə yaxınlaşıb əvəzedici heyətdə oynamaq istədiyimi demişəm ki, oyun praktikam olsun. Belə baxanda, ehtiyatda oturmağımın səbəbi Arif müəllimin qərarıdır. O, bilən məsləhətdir. Məşqçimizin qarşısında komandanı çempion etmək vəzifəsi durur. İmkan olanda, mənə şans verib və mən də özümü göstərməyə çalışmışam. İndi də başımı aşağı salıb, səylə məşq edirəm. Növbəti şansı gözləyirəm.

- “Neftçi”nin qarşısında böyük vəzifələr durur və heyətə düşməyiniz çətin olacaq. Nə vaxta kimi gözləmək fikrindəsiniz? Bəlkə rəhbərlik və ya məşqçi ilə oyun praktikası əldə etmək üçün başqa kluba icarəyə getmək daha yaxşıdır?
- Yox, belə bir şey yoxdur. Hazırda ancaq “Neftçi”nin heyətində çempion olmaq haqda düşünürəm.

- Necə fikirləşirsiniz: hazırda “Neftçi”nin əsas heyətində oynamağa layiqsiniz? Əvvəllər Bahodir Nasimov qol vururdu, sizə ehtiyac yox idi. Amma onun “susmasına” və Emil Mpenzanın zədəli olmasına baxmayaraq, yenə də sizə şans vermirlər. Kənardan elə təəssürat oyanır ki, məsələ sizin rəqabəti uduzmağınızda deyil.
- Bəs nə edim, hara gedim? Məni bura gətiriblər. Mən də gözləməliyəm, məşq etməliyəm... Uzunmüddətli müqavilə imzalamışıq. İndi yeganə məqsədim tezliklə “Neftçi”nin heyətində yer qazanmaqdır. Yayda başqa kluba keçmək haqda düşünmürəm və inşallah, gələn mövsümü də burda başlayacam.

- Rusiyadan Azərbaycana dönmək qərarı verərkən, səhv etməmisiniz ki?
- Heç nəyə təəssüflənmirəm. Rusiyada mənimlə çox pis rəftar etdilər.