33 yaşlı məşqçi Joze Mourinyodan güclü çıxdı
12.04.2011 - 09:00
33 yaşlı məşqçi Joze Mourinyodan güclü çıxdı
Ötən il dünyanın ən güclü məşqçisi seçilən Joze Mourinyonun rekordu qırıldı. Apasport.az saytının məlumatına görə, Mourinyonun ilk uğurlarını, UEFA kubokunu, Çempionlar Liqasını qazandığı “Portu” klubunun 8 ildir əlçatmaz olan nailiyyəti yeniləndi. Bu, ölkə çempionatında ardıcıl qələbələrin sayı ilə bağlıdır.

“Portu” 33 yaşlı baş məşqçisi Andre Villaş-Boşanın rəhbərliyi altında “Portimonense”yə qalib gəlməklə (3:2), ardıcıl 14-cü qələbəsini qazandı. Komandanın son rekordu 2002/03 mövsümündə Mourinyonun rəhbərliyi altında ardıcıl 13 dəfə qalib gəlməsi idi.

İndi “Portu”ya ümumi ölkə rekordunu təkrarlamaq qalır ki, bunun üçün cəmi 1 dəfə qələbə qazanmaq lazımdır. Belə ki, komanda 1996/97 mövsümündə Antonio Oliveyranın baş məşqçiliyi ilə ardıcıl 15 oyun xal itirməyib. “Portu” bunu növbəti oyunda aprelin 17-də “Sportinq”lə görüşdə etməlidir. Yeri gəlmişkən, “Portu”dan son xalı ötən ilin noyabrın 28-də məhz “Sportinq” alıb – 1:1.

Qeyd edək ki, Villaş-Boaş “Portu”, “Çelsi”, “İnter”də Mourinyonun köməkçisi olub.