Əfqan Həmzəyevin qərəzinin 3 səbəbi
12.04.2011 - 09:59
Əfqan Həmzəyevin qərəzinin 3 səbəbi
Ötən şənbə baş tutan "İnter" - "Neftçi" oyununa baş hakim damğa vurdu. Apasport.az saytının xəbərinə görə, artıq illərdi "ağ-qaralar"a rəğbət bəslədiyini açıq-aşkar büruzə verən Əfqan Həmzəyev paytaxt derbisində də qonaqların xilaskarı oldu. Referi matçın əsas vaxtının başa çatmasına 4 dəqiqə qalmış 0:1 hesabı ilə yenik durumda olan "Neftçi"nin lehinə penalti verməklə, liderə bir xal "hədiyyə etdi".

Bəli, Həmzəyevin 11 metrlik nöqtəni göstərdiyi epizodda Slavko Georgiyevskinin zərbəsi cərimə meydançasında Kaxaber Mjavanadzenin əlini tapdı. Amma buna görə penalti vermək ədalətsizlik idi.

Birincisi, Mjavanadzenin epizodunda penalti təyin edən Həmzəyev ilk yarıda Rövşən Əmiraslanovun zərbəsindən sonra top Denis Silvanın əlinə dəyən zaman da analoji qərar qəbul etməliydi. Amma o, susdu. Bunun adı isə ikili standartdı.

İkincisi, Georgiyevski zərbə endirən zaman onunla Mjavanadze arasında təxminən 1 metrlik ara vardı ki, belə vəziyyətdə də əli yığışdırmaq müşkül məsələdi.

Üçüncüsü, gürcü futbolçu bilərəkdən əllə oynamamışdı.

Əslində, Həmzəyev bir qədər diqqətli olsaydı, 70-ci dəqiqədə Flavinyo "İnter"in cərimə meydançasında yerdə qalan zaman fitini çalmalı idi. Çünki həmin epizodda qonaq komandanın hücumçusuna qarşı kobudluq olmuşdu və bunun cəzası penalti idi. Amma nədənsə Əfqan bəy həmin anı "qaçırtdı". Əks halda, 86-cı dəqiqədə "İnter"in qapısına ədalətsiz penalti təyin etmək məcburiyyətində qalmazdı.