“Muğan”ın rekorduna “basqın”
29.04.2011 - 11:45
“Muğan”ın rekorduna “basqın”
“Qəbələ” və “Gəncə” Salyanın “Muğan” klubunun rekorduna “hücum edir”. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XXIX turunda keçiriləcək oyunlarda qələbə qazanacaqları halda, Qəbələ və Gəncənin eyni adlı təmsilçiləri mövsümün rekordunu təkrarlayacaqlar.

Söhbət bir rəqiblə oyunlarda 12 xal qazanmaqdan gedir. Cari mövsümdə hələlik yalnız “Muğan” buna nail olub. Salyanlılar xala həsrət qoyduqları “Simurq”u ümumilikdə 8:1 hesab ilə məğlub ediblər: evdə 1:0, 3:0, səfərdə 1:0, 3:1.

Elə “Simurq”la görüşəcək “Qəbələ” və MOİK-i qəbul edəcək “Gəncə” də hələlik bu rəqibinə xal vermir. Hər iki komanda arxada qalan 3 qarşılaşmada maksimuma nail olub. Özü də bu komandalar “Muğan”la müqayisədə, münasib rəqibinə daha çox qol vurub. “Simurq”un qonağı olacaq Toni Adamsın yetirmələri artıq 9:0 hesabına sevinib: evdə 4:0 və 3:0, səfərdə 2:0. “Gəncə” isə nisbətən az – 8 cavabsız top vurub: evdə 1:0, səfərdə 5:0 və 2:0.