Nazim Süleymanovu AZAL-dan ayırdılar
03.05.2011 - 13:00
Nazim Süleymanovu AZAL-dan ayırdılar
AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda ötən həftə keçirilən ölkə kuboku və çempionatının oyunlarında baş verənlərlə bağlı qərarlar qəbul olunub.

NBC Bank Azərbaycan kubokunun 1/2 final mərhələsində keçirilən “İnter” – AZAL matçının 85-ci dəqiqəsində texniki zona qaydalarına riayət etmədiyi üçün meydandan kənarlaşdırılan meydan sahiblərinin baş məşqçisi Nazim Süleymanov 1 oyunluq cəzalanıb. Bu isə o deməkdir ki, Süleymanov sabah keçiriləcək “İnter”lə cavab matçında komandasından ayrı olacaq. AZAL isə 1000 manat cərimə ödəməli olacaq.
Premyer Liqanın XXIX turunun “Simurq”la qarşılaşmasında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 1000 manat ziyana düşüb. Oyunun 86-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alan Deon Barton isə klubu daha 2000 manat xərcə salıb. Yamaykalı legioner 2 oyunluq cəzaya layiq görülüb.
“Qarabağ”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Bakı”nın da cəriməsi 1000 manat təşkil edib. AZAL – “Neftçi” matçının 87-ci dəqiqəsində meydan sahiblərinin makedoniyalı legioneri Robert Petrov hakimə qarşı kobud hərəkətə görə birbaşa qırmızı vərəqə alıb. O, 2 oyunluq kənarlaşdırılıb ki, bu da yalnız çempionat oyunlarına şamil edilir. “Təyyarəçilər” isə 2000 manat cərimə ödəməli olacaq. Stadionda “Neftçi”nin azarkeşləri yerləşən sektorda metal arakəsmələr əyilmiş və sındırıldığı üçün “Neftçi” klubu dəymiş zərərə uyğun olaraq AZAL klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.
0