“Neftçi”dən ayrılmağımın acısını indi də çəkirəm”
13.05.2011 - 14:00
“Neftçi”dən ayrılmağımın acısını indi də çəkirəm”
“Klubla müqaviləmin müddətinin bitməsini gözləyirəm. Böyük ehtimalla, komandadan gedəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun futbolçusu Branimir Subaşiç deyib.

Ötən yay transfer edilən 29 yaşlı milliləşdirilən serbiyalı hücumçu əyalət təmsilçisi ilə 1 illik müqavilə bağladı. Bu, cari mövsümün sonunda bitdiyindən, Subaşiç artıq gələn ay sərbəst futbolçu olacaq.

Branimirin sözlərinə görə, hazırda 2 klubdan təklif alıb: “Ancaq onlar arasında “Qəbələ” yoxdur. İndiki klubumla söhbətim çoxdan, haradasa 1 ay əvvəl olub. Onda yeni müqavilənin maddi şərtləri ilə bağlı müzakirə aparmışdıq. Ancaq son vaxtlar danışığımız olmayıb. Buna görə də yəqin ki, “Qəbələ”də qalmayacağam. Yeni komanda ilə bağlı görüşüm olsa da, danışığımız sonadək yekunlaşmayıb. Hələ ad çəkmək istəmirəm. Onu deyə bilərəm ki, həmin komandalar paytaxt təmsilçiləridir”.

Subaşiç bildirib ki, karyerasını əyalətdə davam etdirmək istəmir: “Ailəli adam üçün rayonda yaşamaq çətindir. Bundan əlavə, “Qəbələ” cari mövsümdə nəticə qazana bilmədi. Gələn mövsümdə necə olacağı isə bilinmir. Bütün bunları nəzərə alsaq, Bakıda oynamaq daha ürəyimcədir. Mayın 19-da son oyunumuzdur, ertəsi Serbiyaya istirahətə yollanıram. Həmin vaxta kimi gələcək taleyimə aydınlıq gətirəcəyəm”.

Serbiyalı futbolçu Azərbaycanı tərk etmək fikrində deyil: “Vaxtilə - 2008-ci ildə səhv etmişəm. Onda “Neftçi”dən getməklə, düz hərəkət etmədim. Bu komandadan ayrılmağımın acısını indi də çəkirəm. Yenidən səhv etmək istəmirəm. Xaricdən 1-2 agent zəng edərək, ölkə kənarında oynamaq variantlarını təklif edirlər. Ancaq onlara deyirəm ki, Azərbaycanda qalmaq fikrindəyəm. Mən bu ölkənin vətəndaşlığını daşıyıram, pasportum var. Yenidən yaxşı oynayıb, Azərbaycan milli komandasına qayıtmaq istəyirəm”.

Qeyd edək ki, Branimir 2005-ci ildə ölkəmizə gələrək, 3 mövsüm “Neftçi”də oynadı. 2008-ci ilin yayında Belqradın “Srvena Zvezda” klubuna getməyi üstün tutan hücumçu vətəninə möhkəmlənə bilmədi. Bundan sonra karyerasında eniş olan Subaşiç Çinin “Çanqçun Yatay” klubuna icarəyə verildi və orada çempionatının bürünc medalını qazandı.

Mehman SÜLEYMANOV
0