“Deyilən rəqəmlərlə verdiyimiz məbləğlər üst-üstə düşmür”
16.05.2011 - 14:22
 “Deyilən rəqəmlərlə verdiyimiz məbləğlər üst-üstə düşmür”
“Müqaviləsi bitən futbolçularımızla danışıqları yaxın vaxtda yekunlaşdıracağıq. Bu həftə müəyyən məsələləri həll edib, AZAL-la oyundan sonra futbolçuları istirahətə buraxacağıq. İyunun 10-a kimi yığışıb, Avroliqaya hazırlığa başlayacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

“Qarabağ” albaniyalı müdafiəçisi Admir Telinin ardınca yarımmüdafiəçi Namiq Yusifov və millimizin də hücumçusu olan Vüqar Nadirovla müqavilənin müddətini artırıb.

Yeni anlaşmaların 400-450 min dollar təşkil etməsi haqda xəbərlər yayılır. Ancaq Çəlikəlin sözlərinə görə, bunlar şişirdilmiş rəqəmlərdir: “Deyilən məbləğlərlə bağladığımız müqavilələrin maddi dəyəri üst-üstə düşmür. Konkret rəqəm açıqlamaq istəməzdim. Onu deyə bilərəm ki, yazılanlar böyük məbləğdir. Biz müqaviləsini uzatdığımız futbolçularla münasib şərtlərlə anlaşmışıq. Həm Namiq, həm də Vüqarla müqaviləni 2 illiyə uzatmışıq. Onlar “Qarabağ”da qalmağı üstün tutmaqla, kluba mənəvi cəhətdən bağlı olduqlarını göstərdilər”.

Mehman SÜLEYMANOV