Əfran İsmayılov “Göztəpə”yə keçməyə şərtlə razılaşdı
16.05.2011 - 14:56
Əfran İsmayılov “Göztəpə”yə keçməyə şərtlə razılaşdı
“Göztəpə” rəsmilərinin mənimlə və komanda yoldaşlarımla maraqlandığını bilirəm. Bu klubun rəsmisi Əli Gültəkinlə “Neftçi” ilə oyundan sonra 10-15 dəqiqəlik söhbətim oldu”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Əfran İsmayılov deyib.

Milli komandamızın da üzvü olan 22 yaşlı yarımmüdafiəçi Türkiyənin Bank Asiya I Liqasında oynayan “Göztəpə” klubunun idman direktoru Əli Gültəkinlə Ağdamda görüşmək imkanı qazanıb. Əfran ayaqüstü söhbətdə qarşı tərəfin fikirlərini öyrənmək imkanı qazanıb: “Gültəkin mənə komandalarında görmək istədiyini dedi. Mən də ona bildirdim ki, hələ klubumla 2 illik müqaviləm var. Bundan xəbərdar olan “Göztəpə” rəsmisinə öncə klub rəhbərliyi ilə müqavilə məsələsini danışmağın vacibliyini bildirdim. Gültəkin 1 həftə sonra Azərbaycana qayıdacağını dedi. Qoy, əvvəlcə müqaviləmi danışsınlar, sonra öz fikirlərimi bildirərəm”.

İsmayılov xaricdə oynamağı arzulasa da, tələsik qərar vermək istəmir. Çünki “Göztəpə”yə keçməkdə maraqlı olmayan futbolçumuz qarşı tərəfin qarşısına şərt qoyub: “Bu variantla bağlı şəxsi fikrim belədir ki, bu komandaya keçmək istəmirəm. Çünki I divizion təmsilçisidir. Ondansa, “Qarabağ”da oynayıb, Avroliqada çıxış edərəm. Ola bilər ki, avrokuboklar zamanı xarici klubun maraq dairəsinə düşdüm və məni transfer etdilər. Ona görə də gözləyib, tələsik addım atmaq istəmirəm. Bununla belə, Gültəkinə dedim ki, Superliqaya çıxsanız, komandanıza keçərəm”.

Mehman SÜLEYMANOV