“Fikrimi qətiləşdirmişəm, “Neftçi”dən ayrılacağam”
16.05.2011 - 17:00
“Fikrimi qətiləşdirmişəm, “Neftçi”dən ayrılacağam”
“3 gün Bakıda olmadım. Dubaya dostlarımın yanına getmişdim. Az da olsa, dincəldim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov deyib.

5 ildir “ağ-qara” formanı geyinən Abışov arzusuna cari mövsümdə çatdı. Belə ki, o, “Neftçi” ilə çempionluq sevinci yaşamaq istəyirdi. Cari mövsüm qızıl medallar qazanan paytaxt təmsilçisi yayda ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Ancaq 24 yaşlı futbolçunun bu heyətdə yer almayacağı dəqiqləşib.

Yığmanın da formasını geyinən müdafiəçi legioner həyatı yaşamaq istəyir. Bir müddət əvvəl arzuları barədə danışarkən, Ruslan “Neftçi” ilə çempion olduqdan sonra özünü ölkə xaricində sınaq niyyətində olduğunu açıqlamışdı. Artıq futbolçu fikrini qətiləşdirib.

Hazırkı klubu ilə müqaviləsi gələn ay başa çatacaq Abışov bildirib ki, növbəti mövsümdən ölkə xaricində çıxış edəcək: “Fikrimi qətiləşdirmişəm, “Neftçi”dən ayrılacağam. Legioner həyatı yaşamaq istəyirəm. Ancaq hansı komandaya keçəcəyimi mövsüm bitdikdən və yığmanın oyunları keçirildikdən sonra açıqlayacağam. İndi isə diqqətimi “Xəzər Lənkəran”la oyuna yönəltmişəm”.

Bir müddət əvvəl Rusiya Premyer Liqasında mübarizə aparan “Volqa”nın həmyerlimizlə maraqlandığını xəbər vermişdik. Lakin futbolçu ad açıqlamamaqda israrlıdır: “Hər şey ola bilər. Ancaq gələn təkliflərlə mən maraqlanmıram. Bu işlə məşğul olan insanlar var”.

Sonda futbolçu “Xəzər Lənkəran”la baş tutacaq oyun haqda da fikirlərini açıqlayıb: “Bizim üçün vacib oyundur. Daha doğrusu, bu nüfuz görüşüdür. Həm də oyundan sonra komandaya kubok təqdim ediləcək. İstəyirik ki, kuboku qalib kimi alaq. Ancaq turnir cədvəli baxımından bu görüşdə qazanacağımız qələbənin bizim üçün heç bir faydası yoxdur”.