Musa Süleymanov: Baş məşqçi məsələsinə hələ qərar verməmişik
17.05.2011 - 10:51
Musa Süleymanov: Baş məşqçi məsələsinə hələ qərar verməmişik
“Əsgər Abdullayevin komandamızın yeni baş məşqçisi olmasına qərar verməmişik. Mənim bir klub prezidenti kimi onunla danışığım olmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

Cari mövsümdə 4 baş məşqçi – Sakit Alıyev, gürcüstanlı Revaz Dzodzuaşvili, türkiyəli Naci Şensoy və Asim İbrahimovla yollarını ayıran komanda yeni çalışdırıcı axtarışındadır. Süleymanovun sözlərinə görə, milli komandamızın sabiq baş məşqçisi Əsgər Abdullayevin namizədliyinə baxılması mümkündür: “Ola bilər ki, yeni baş məşqçimiz Abdullayev olsun. Əslində, baş məşqçi postuna namizədimiz çoxdur. Ancaq heç kimin adını çəkə bilmərəm. Baş məşqçi məsələsinə hələ qərar verməmişik. Bunun üçün mövsümün bitməsini gözləyirik. Axırıncı turdan sonra baş məşqçi məsələsinə aydınlıq gətirəcəyik”.

Qeyd edək ki, köməkçi məşqçi Eltay Aslanova tapşırılan “Turan” çempionatı mayın 19-da MOİK-lə səfər oyunu ilə bitirəcək.

Mehman SÜLEYMANOV