PORTULİQA: Möhtəşəm “Portu” sürpriz “Braqa”ya qarşı
17.05.2011 - 13:06
PORTULİQA: Möhtəşəm “Portu” sürpriz “Braqa”ya qarşı
Sabah bütün Avropanın diqqəti İrlandiyanın paytaxtı Dublinə yönələcək. Apasport.az saytının məlumatına görə, Bakı vaxtilə saat 23:45-də başlayacaq Portuqaliya derbisində avroliqanın qalibi müəyyənləşəcək.

Turnirin aşkar favoriti olan “Portu” finalda debütant “Braqa” ilə qüvvəsini sınayacaq. “Braqa” ilk dəfə avrokubokların finalına çıxırsa, rəqibinin Avropada titulları yetərincədir. Belə ki, komanda 1987-ci ildə Çempionlar Kubokunu (indiki ÇL), UEFA Superkubokunu, 2002-ci ildə UEFA kubokunu (indiki Avroliqa), 2003-cü ildə ÇL-i və Qitələrarası kuboku qazanıb.

“Portu”nun cari mövsümdə möhtəşəm çıxışında 34 yaşlı baş məşqçisi Andre Villaş-Boaşın əməyi böyükdür. Bunda isə onun Joze Mourinyo məktəbi keçməsinin böyük rolu var.

Villaş-Boaş elə “Portu”da, “Çelsi” və “İnter”in Mourinyonun köməkçisi olaraq, çoxsaylı titul qazanıb. Müəllimi ilə Madrid “Real”ına yollanmayan gənc çalışdırıcı baş məşqçi kimi müstəqil işləməyi üstün tutdu və debütdə böyük uğurlara nail oldu. “Portu” böyük xal fərqi ilə vaxtından əvvəl ölkə çempionu oldu, indi isə növbəti titulunu qazanmağa yaxındır.

“Braqa”nın beynəlxalq miqyasda titulu olmasa da, Avroliqanın sürpriz komandası kimi gücünü göstərdi. Təsadüfi deyil ki, komanda finala gedən yolda “Luverpul”, Kiyev “Dinamo”su, “Benfika” kimi güclü rəqibləri sıradan çıxardı. Özü də “Braqa” mübarizəyə Çempionlar Liqasında başlayaraq, 3-cü yeri sahibi kimi Avroliqaya yoluna davam etmək hüququ qazanmışdı. “Portu” isə böyük təcrübəsi olduğu ÇL-dən bu dəfə kənarda qalmalı oldu.

Qeyd edək ki, ölkəmizin Avroliqanın cari mövsümündə 3 təmsilçisi olub. “Xəzər Lənkəran” mübarizəni I, “Bakı” II, “Qarabağ” isə son təsnifat mərhələsində dayandırıb.