“Başqa səbəblər də var idi, sadəcə, hamısını açıqlamaq olmur”
17.05.2011 - 14:02
“Başqa səbəblər də var idi, sadəcə, hamısını açıqlamaq olmur”
“Yəqin ki, sabit oynayıb, zədə problemim olmasaydı, indi təkliflər almışdım. Nə deyim? Hər şey göz qabağındadır. Yekun nəticəyə görə, komanda I diviziona yuvarlandı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”un hücumçusu Samir Əliyev deyib.

Mövsümün yekunları barədə fikrini bildirən futbolçu komandasının Premyer Liqadakı yerini qoruya bilməməsinin səbəblərini açıqlayıb. Əliyev heyətin gənclərdən qurulduğunu qeyd etməklə yanaşı, maliyyə problemini də həlledici amil sayır: “İlk növbədə təcrübəsizliyi qeyd edərdim. Bildiyiniz kimi, heyətimiz gənclərdən qurulub. Əksər futbolçular ilk dəfə idi Premyer Liqada oynayırdı. Digər səbəb isə maliyyə problemləri ilə bağlıdır. Yəni, ilk gündən klubda maliyyə problemləri var idi. Səbəblər bunlarla məhdudlaşmır. Başqa səbəblər də var idi, sadəcə, hamısını açıqlamaq olmur”.

Komandası aşağı dəstəyə yuvarlandığı üçün Əliyev karyerasını başqa klubda davam etdirmək niyyətindədir. Ancaq hələlik hansısa komandadan təklif almayıb: “Tez-tez zədə alıram, daim oynamıram, üzdə deyiləm. Hamısı bununla bağlıdır”.

O, bu gedişlə karyerasını başa vura biləcəyini və məşqçiliyə başlayacağını da istisna etməyib: “Çempionat qurtardıqdan sonra bir qərara gələcəm. Oynayıb-oynamayacağımı müəyyənləşdirəcəyəm. Dəqiq bir söz deyə bilmərəm. Əlbəttə, hələ oynamaq istəyirəm. Yaş o yaş deyil ki, futbolla vidalaşaq. Ancaq təklif olmasa, yəqin futbolla vidalaşıb məşqçi kimi özümü yoxlayacam”.