AZAL-ın futbolçusu iddialı klub axtarır
17.05.2011 - 23:02
AZAL-ın futbolçusu iddialı klub axtarır
“2-3 klubdan təklif almışam”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın müdafiəçisi Aqil Nəbiyev deyib.

Artıq 4 mövsümdür paytaxt təmsilçisinin formasını geyinən 29 yaşlı futbolçunun komandası ilə müqaviləsi başa çatmaq üzrədir. Transferində bir neçə klubun maraqlı olduğunu iddia edən Nəbiyev əvvəlcə AZAL rəhbərliyi ilə danışmaq fikrindədir: “Rəhbərlik qalmağımı istəyir. Digər klublardan gələn təkliflər də sərfəlidir. Oyundan sonra görüşüb, məsələni həll edəcəyik”.

“Təyyarəçilər”in kapitanı formasını geyinəcəyi komandanın iddialı olmasını istəyir. Çünki belə olan təqdirdə, həmin komandanın maddi dayaqları da yaxşı vəziyyətdə olacaq: “İddialı klub olması vacibdir. Belə olan halda, komandanın maddi imkanları da yaxşı olacaq”.

Nəbiyev Premyer Liqanın sonuncu turunda qarşılaşacaqları “Qarabağ”la matç haqda da danışıb. O, istənilən halda qələbə qazanmağa məcbur olduqlarını bildirib: “Qarabağ”la oyunu qələbə ilə başa vurmalıyıq. Bizim Avropa Liqasına yollanmağımız üçün yeganə yolumuz budur. Qələbə qazandıqdan sonra kubokun finalında “Xəzər Lənkəran”ın qələbə qazanmasını gözləyəcəyik”.

Futbolçularda ruh düşkünlüyünün olduğunu istisna etməyən kapitan bunun nəticəyə təsiri olmayacağını düşünür: “Ruh düşkünlüyü var. Çünki son oyunlarda heç də yaxşı çıxış etmədik. Gərginliyin olmasına baxmayaraq, “Qarabağ”la oyun bizim üçün çox vacibdir. Həm də bu çempionatın son oyunudur”.