“Qarabağ” Zaur Həşimovla vidalaşır?
18.05.2011 - 16:02
“Qarabağ” Zaur Həşimovla vidalaşır?
“Əslində, “Qarabağ”la müqaviləm bitir. Amma hələlik sakitçilikdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Zaur Həşimov deyib.

Cari mövsümü mükafatçılar sırasında qapayan “Qarabağ” ölkəmizi yeni mövsümdə Avropa Liqasında təmsil edəcək. Ardıcıl iki ildir uğurlu çıxışla pley-off mərhələsinə qədər irəliləyən Ağdam təmsilçisi yeni mövsümdə də nəticəsini ən azı təkrarlamaq istəyir. Buna görə də əsas heyət qorumağa çalışan Qurban Qurbanov rəhbərlikdən müqaviləsi bitən futbolçularla yeni anlaşma imzalamağı tələb edib.

Vüqar Nadirov, Georgi Adamiya, Namiq Yusifovun komandada qalacağı dəqiqləşib. Ancaq mövsümü ehtiyatda keçirən futbolçularla hələ danışıq aparılmayıb. Bu üzdən narahatçılığını gizlətməyən Həşimova başqa klublar da biganədir: “Başqa klublardan da təklif almamışam. Oyundan sonra hər şey dəqiqləşəcək”.

Maraqlıdır ki, müdafiəçinin Premyer Liqanın debütantlarından olan “Abşeron”un maraq dairəsində olduğu deyilsə də, futbolçu bunu təkzib edib: “Səmimi deyirəm, “Abşeron”dan təklif almamışam. Əvvəlcə “Qarabağ” rəhbərliyi ilə görüşəcəm. Müsbət nəticə olmasa, onda özümə klub axtarmalı olacaq”.