“Burda çox amillər var, ancaq danışmağa ehtiyac duymuram”
23.05.2011 - 16:42
“Burda çox amillər var, ancaq danışmağa ehtiyac duymuram”
“İstər jurnalistlərlə, istərsə də mütəxəssislərlə söhbətimizdə AZAL-ın 4-cü pilləni tutacağına inananların sayı çox az idi”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib. Azərbaycan Premyer Liqasında növbəti mövsüm başa çatsa da, ölkəmizi Avroliqada təmsil edəcək sonuncu komandanın adı hələ dəqiqləşməyib. Belə ki, buna sabah keçiriləcək NBC Bank Azərbaycan kubokunun “İnter” – “Xəzər Lənkəran” final matçında aydınlıq gətiriləcək. Həlledici oyunda “İnter” qələbə qazansa, qitə miqyaslı yarışa bu komanda, əksinə olarsa, onda AZAL yollanacaq.

Təbii ki, mövsümün son turunda “Qarabağ” üzərində inamlı qələbə qazanan və nümayiş etdirdiyi oyuna görə alqışlar qazanan “təyyarəçilər”də hər kəs lənkəranlıların kuboku qazanmasını arzulayır. Arxada qalan çempionatla bağlı fikirlərini bildirən Süleymanov əksər mütəxəssislərin AZAL-ın 4-cü pilləni tutacağına inanmadığını bildirdi: “Ancaq bu futboldur, gərək çalışarsan. Düzdür, bundan da yaxşı ola bilərdi. Amma ümumi götürdükdə, 4-cü yer də pis nəticə deyil. Avroliqaya yollanıb-yollanmayacağımız kubokun finalında bilinəcək. “Xəzər Lənkəran” qələbə qazanarsa, o zaman sonuncu vəsiqənin sahibi biz olacağıq”.

AZAL-ın son il yarımdır çalışdıran mütəxəssisin “Daha da yaxşı nəticə qazanmağa nə mane oldu?” sualına aydınlıq gətirməsini istəsək də, o, hələ danışmağa ehtiyac duymadığını qeyd etdi: “Burda çox amillər var, amma....Danışmağa ehtiyac duymuram. Bunların hamısını özüm üçün təhlil etmişəm. Həmişə gərək həmin mərhələni keçəsən ki, sonra özün üçün müəyyən nəticə çıxarasan. Harada yıxıldığını, harada durduğunu, qəsdənmi yıxdıqlarını və ya özünmü yıxıldığını müəyyənləşdirəsən”.

AZAL mövsümə yaxşı başlasa da, çempionatın ortasında durğunluq yaşadı. Xüsusilə də legionerlərin davranışından onların sanki oynamaq istəmədikləri sezilirdi. Ancaq son oyunda bunun əskini gördük. Həmin vəziyyət isə həmin futbolçuların komandada qalması üçün dəridən-qabıqdan çıxması fikrinin yaranmasına gətirib çıxarmaya bilməz. Süleymanovla bu ehtimalla bağlı konkret fikir bildirməsə də, istisna da etmədi: “Hər şey ola bilər. Bayaq dedim axı, amma və ...Komandada qalıb-qalmayacağının hələ dəqiqləşməyib. Komandadakı vəziyyətimə kubokun finalından sonra aydınlıq gətiriləcək. Bundan sonra klub rəhbərliyi ilə söhbətimiz olacaq. “Turan”la danışıqlara gəldikdə, Bunu ilk dəfə sizdən eişdirəm”.
0