“Qəbələ” yeni legioneri ilə Londonda 2 illik müqavilə imzalayıb
24.05.2011 - 16:19
“Qəbələ” yeni legioneri ilə Londonda 2 illik müqavilə imzalayıb
“Braziliyalı futbolçu Daniel Lopes Kruzunun komandamıza keçidi rəsmiləşib. Biz onunla artıq müqavilə bağlamışıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.

Premyer Liqada növbəti mövsümdə iddialı olan qəbələlilər ilk legioner transferini gerçəkləşdirib. Bunadək milli komandamızın müdafiəçiləri Mahir Şükürov və Vurğun Hüseynovla müqavilə imzalayan əyalət təmsilçisi son mövsümü Portuqaliyanın yüksək liqasında keçirən “Naval” klubundan Daniel Lopes Kruzu transfer edib. 29 yaşlı legioner müdafiənin sol cinahında oynayır ki, “Qəbələ” də rumıniyalı Razvan Tarlea ilə yollarını ayıraraq, bu mövqeyinə futbolçu axtarırdı.

Əzizov bildirib ki, Daniel xeyli müddətdir komandanın maraq dairəsində olub: “Onsuz da bizə müdafiənin sol cinahına futbolçu lazım idi. Bu mövqeyə bir neçə namizədimiz vardı. Baş məşqçimiz Toni Adams Kruzu seçdi. Onunla hələ martda ilkin anlaşmışdıq. Sadəcə, rəsmi müqavilənin mövsümün sonunda imzalanmasını nəzərdə tutmuşduq”.

Klub rəsmisi müqavilənin İngiltərə paytaxtında imzalandığını bildirib ki, Adams da mövsümün son oyunlarına qalmayaraq, vətəninə yollanmışdı: “Daniellə Londonda rəsmi müqavilə bağlamazdan öncə onu dərindən tibbi müayinədən keçirdik, fiziki testlər götürdük. Legionerlərdə xroniki zədənin mümkünlüyü olsa da, yeni transferimizdə belə problem olmadı. Son 2 ayda oynamayan Kruzun zədəli olmadığı aşkara çıxdı. Özünün dediyinə görə, oynamağının səbəbi klubla yeni müqavilə imzalamaqdan imtina etməsi olub”.

Qeyd edək ki, hazırda Türkiyədə işgüzar səfərdə olan Əzizov növbəti transferin həyata keçirilməsinə çalışır: “Buna həftəsonuna kimi aydınlıq gələcək. Komandamız maraq göstərdiyi, adı hələ açıqlanmayan legioner və onun müqaviləsinin olduğu klubla danışıqları qardaş ölkədə aparır. Ancaq bu, Türkiyədə oynayan futbolçu deyil. Sadəcə, danışıqlar üçün məkan bu ölkə seçilib”.

Mehman SÜLEYMANOV
0