Rednik üçün xoşbəxt rəqəm
25.05.2011 - 08:52
Rednik üçün xoşbəxt rəqəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik kubok kolleksiyasını zənginləşdirib. Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssisin qazandığı kubokların sayı xoşbəxt rəqəmə çatıb.

Belə ki, NBC Bank Azərbaycan kubokunun finalında “İnter”i məğlub edən lənkəranlıların baş məşqçisi karyerasında 7-ci dəfə ölkə kubokunun sahibi olub.

Futbolçu kimi Buxarest “Dinamo”sunun heyətində 3 dəfə Rumıniya kuboku qazanan Rednik bu uğura 1983/84, 1985/86 və 1989/90 mövsümlərində nail olub.

Sonradan legioner həyatı yaşayan Rednik “Standard”ın futbolçusu kimi Belçika kubokunu qazanıb. Vətənə döndükdən sonra 1997/98 mövsümündə müdafiəçi “Rapid”lə Rumıniya kubokunu qazanıb.

Futbolçu kimi 2 ölkədə 5 kubok qazanan Rednik baş məşqçi kimi ilk kubokunu da “Rapid”də qazanıb. Bu, 2001/02 mövsümündə baş verib. Məşqçi kimi 2-ci, ümumilikdə 7-ci kubokunu Azərbaycanda qazanan mütəxəssis 4 klub və 3 ölkədə sevinib.

Qeyd edək ki, Rednik 7 kubokla yanaşı, 4 Superkubok da qazanıb. Bunların 3-ü “Rapid”də olub – 1999-da futbolçu, 2002 və 2003-də baş məşqçi kimi. 2007-ci ildə isə “Dinamo”nu uğura daşıyıb.
0