Rövnəq Abdullayev: Bu il Avropa kuboklarında klublarımız öz sözlərini deməlidirlər
25.05.2011 - 10:13
Rövnəq Abdullayev: Bu il Avropa kuboklarında klublarımız öz sözlərini deməlidirlər
AFFA-nın prezidenti Rövnəq Abdullayev NBC Bank Azərbaycan kubokunun mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Lent.az qısa söhbəti təqdim edir:

- Mövsümü necə dəyərləndirirsiniz?
- Çempionat çox yüksək səviyyədə keçdi. Kubokun final oyununu da xüsusi qeyd edərdim. Qarşılaşma çox maraqlı və gərgin alındı. Deyərdim ki, bu gün əsl futbol bayramı oldu. Belə ab-hava hamı kimi məni də çox sevindirdi.

- Məğlub olan tərəf hər zaman narazı olur. Bu, sizi narahat etmir ki?
- Narazılıq olmamalıdır. Gördüyünüz kimi, tam şəffaf oyunun şahidi olduq və futbolçular “ədalətli oyun” qaydalarına əməl etdilər. Çox şadam ki, hər iki komandanın ifasında yüksək səviyyəli oyun izlədik.

- Avropa kuboklarında hansı komandamıza daha çox ümid edirsiniz?
- Hamısına ümid edirik. Allah qoysa, bu il Avropa kuboklarında yəqin ki, klublarımız öz sözlərini deməlidirlər.

- “Fənərbaxça”nın prezidenti Aziz Yıldırımla yanaşı oturmuşdunuz. Maraqlıdır, onunla hansısa mövzuda söhbətiniz oldu?
- Bilirsiniz ki, “Fənərbaxça” ilə çox yaxşı əlaqələrimiz var. 15 yaşlılardan ibarət yığmamız bu klubun bazasında uzun müddət təlim-məşq toplantısı keçirdi. Yıldırım da Azərbaycan futbolunun inkişafından danışır, irəliləyişin olduğunu bildirir.

- Millimizdən nə gözləyə bilərik? Qazaxıstanla səfər matçında qələbə qazanmaq mümkün olacaqmı?
- Qələbəni kim istəmir? İstəməyən varmı?

- Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı hər hansı ulduz futbolçunun Bakıya gəlişi gözlənilir?
- Futbolumuzun 100 illiyini iyunun 6-da qeyd edəcəyik. UEFA prezidenti Mişel Platini ilə FİFA prezidenti Yozef Blatter mərasimdə iştirak edəcəklər. Bu, bizim üçün fəxrdir. Onlar Azərbaycan futboluna, AFFA-ya hörmətlə yanaşırlar. Yubiley tədbirimizə qatılmaları bu hörmətin göstəricisidir.
0