Azərbaycanlı hakim debüt etdi, heç kim narazı qalmadı
08.06.2011 - 09:19
Azərbaycanlı hakim debüt etdi, heç kim narazı qalmadı
Azərbaycanlı FİFA hakimi Anar Salmanov milli komandaların seçmə mərhələsində debüt etdi. Apasport.az saytının məlumatına görə, 31 yaşlı referi Avro-2012-nin seçmə mərhələsində Belarus – Lüksemburq oyununda (2:0) siftə edildi. Salmanov Minskdə “Dinamo” stadionunda keçirilən görüşdə 2 sarı vərəqə göstərib ki, bunların hərəsi bir komandanın payına düşüb. Oyunda ilk sarı vərəqəni Belarus yığmasının hücumçusu Nikolay Voronkov alıb. O, 38-ci dəqiqədə Salmanovun fitindən sonra topa zərbə vurub ki, buna görə cəzalanıb. Belaruslular həmin epizodda FİFA referimizin prinsipiallığını qeyd ediblər.

Meydan sahiblərinin almaniyalı baş məşqçisi Bernd Ştanqe Voronkovu fasilədə Sergey Kornilenko ilə əvəzləyir və bu hücumçu oyunun taleyini həll edir. Buna kimi isə Salmanov 48-ci dəqiqədə qonaqların futbolçusu Payala kobud oyuna görə sarı vərəqə verib. Bundan 2 dəqiqə sonra hakimimiz lüksemburqluları penalti ilə cəzalandırır. Bu, Blezin əllə oyunundan sonra təyin edilir və məhz Kornilenko 48-ci dəqiqədə onu dəqiq yerinə yetirməklə, hesabı açır. Meydan sahiblərinin 2-ci qoluna isə 73-cü dəqiqədə Anton Putilo imza atır.

Belaruslu həmkarlarımız görüşün 80-ci dəqiqəsində rəqib futbolçu Kitanjın da fitdən sonra topa zərbəsini vurmasını, ancaq Salmanovun Voronkovdan fərqli onu nədənsə sarı vərəqə ilə cəzalandırmamağını da qeyd ediblər. Oyundan sonra mətbuat konfransında nə Ştanqe, nə də onun rəqib komandada həmkarı Lyuk Holts hakimlərdən narazılıq ediblər. Yeri gəlmişkən, Belarus yığmasının almaniyalı çalışdırıcı “Neftçi”nin maraq dairəsində olan qapıçı Sergey Veramkoya bu dəfə istirahət verib. O, zəif rəqiblə oyunda Yuri Jevnovu qapıda qoyub.

Qeyd edək ki, Salmanovu bu oyunda FİFA hakim-köməkçiləri Mehman Mahmudovla Vaqif Musayev yardım ediblər. Ehtiyat hakim FİFA referisi Fariz Yusifov olub. Hakimlərimizin işinə tanınmış avstriyalı hakim, hazırda FİFA hakim-inspektoru olan Konrad Plauts qiymət verəcək.