“AZAL rəhbərliyi pul almadan məni buraxmayacağını deyib”
09.06.2011 - 23:02
“AZAL rəhbərliyi pul almadan məni buraxmayacağını deyib”
“Hansı komandaya keçəcəyimi bilirəm. Artıq danışığımız olub, qalır rəsmi müqavilə imzalamaq”. Bu sözləri apasport.az saytına açıqlamasında son mövsümü AZAL-ın heyətində keçirən Elvin Əliyev deyib.

Ötən yay Vinfred Şaferin istəyi ilə “Bakı”dan kənarlaşdırılan müdafiəçi AZAL-ın forması geyinməli oldu. Mövsümün yekununa əsasən “təyyarəçilər” Avropa Liqasına vəsiqə qazansa da, Əliyev yenidən “Bakı”ya dönmək qərarına gəlib.

Düzdür, onun AZAL-la müqaviləsi gələn ilin yayında başa çatacaq. Ancaq futbolçu klub rəhbərliyindən onu transferə çıxarmağı istəyib: “Gedəcəyim komanda “Bakı” olacaq. Zeynal müəllimlə (vitse-prezident Zeynal Məmmədov) danışmışam. Fikrimcə, digər variantlara ehtiyac olmayacaq. Çünki onlarla razılaşmışam. Yaxın günlərdə də müqavilə imzalayacağıq”.

“Bəs, AZAL-a kompensasiyanı kim ödəyəcək” sualına müdafiəçi belə cavab verdi: “AZAL rəhbərliyi pul almadan məni buraxmayacağını deyib. Bu məbləği kimin ödəyəcəyi hələ bilinmir. Müqavilədə bu açıq qalıb. Yəqin ki, “Bakı” ödəyəcək”.