Patrik Klyuvert Vaqif Cavadovun baş məşqçisi ola bilər
10.06.2011 - 09:19
Patrik Klyuvert Vaqif Cavadovun baş məşqçisi ola bilər
Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov əfsanəvi hollandiyalı futbolçu Patrik Klyuvertin rəhbərliyi altında oynaya bilər. Apasport.az saytının məlumatına görə, 35 yaşlı veteran hücumçu Cavadovun müqavilə ilə məxsus olduğu “Tvente” klubunun əvəzedici komandasının baş məşqçisi təyin edilib. Klyuvert bu postda Yars Dardeni əvəzləyib. Yeni çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb. Futbolçu karyerasını tez bitirməli olan Klyuvert ötən mövsüm vətənində Neymegen şəhərinin təmsilçisi olan NEK klubunun məşqçilər korpusunda yer alıb.

Qeyd edək ki, Vaqif ötən ilin yanvarında transfer olunduğu “Tvente”nin məhz əvəzedici komandasında rəsmi oyunda meydana çıxıb. Əsas komandada hələ də rəsmi debüt etməyən 22 yaşlı futbolçumuz Hollandiyaya yollanıb, gələcək karyerasına aydınlıq gətirməlidir. “Tvente” hələ 2 illik müqaviləsi olduğu Cavadovu heç yerə buraxmayıb, əvəzedici komandasına göndərərsə, hücumçumuzun yeni baş məşqçisi “Barselona”da parlayan məşhur həmkarı olacaq.