Toni Adams: Biz ona nifrət edirdik
10.06.2011 - 11:47
Toni Adams: Biz ona nifrət edirdik
“Corc Qrem dahi məşqçi idi. Onun müdafiə, texnika və struktur imkanları mənim üçün qat-qat yaxşı olub. Belə deməklə, Arsen Vengerə qarşı ədalətsizlik etmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun ingiltərəli baş məşqçisi Toni Adams deyib.

O bildirib ki, məşqçilik sənətinin sirlərini uzun illər “Arsenal”da rəhbərliyi altında oynadığı Arsen Vengerdən deyil, onun sələfi Corc Qremdən öyrənib: “Hər məşqçinin öz üstün və zəif cəhətləri var. Fikrimcə, Venger güclü fizioloq və psixoloqdur. Bu da onun əsas üstünlüyüdür. Mən Qremlə 7 titul qazanmışdım. Kuboklar Kubokunun finalında “Parma”nı məğlub etmişdik. Qrem bizi o qədər məşq etdirirdi ki, ona nifrət edirdik. Lakin sonradan bəhrəsini görürdük”.

Adams uzun illər müqayisə olunan Arsen Vengerlə Aleks Ferqyusson arasında fərqi də açıqlayıb: “Venger ser Aleks Ferqyusson kimi deyil. Onun baş məşqçi olduğu üçün rəsmi geyim geyinməsi sizi aldatmasın. O, klubda hər işi görür”.

İngiltərə mətbuatına müsahibə verən Adams ailəsini də Azərbaycana gətirəcəyini bildirib. 1 ildir ölkəmizdə çalışan mütəxəssis nəhayət ki, ailəsi ilə birlikdə olacaq. İndiyədək uşaqlarının Böyük Britaniyada təhsil alması üzündən Qəbələdə tək qalan Adams artıq bu problemi həll edib. Onun uşaqlarının Azərbaycana gəlməsindəki problem həllini tapıb. Kiçik Adamslar Bakıdakı beynəlxalq məktəbə daxil olub. Sentyabrda təhsil almağa başlayacaq uşaqlar məhz o vaxt Bakıya gələcəklər.