Ceyhun Sultanov “Gəncə”dən ayrıldı
10.06.2011 - 14:16
Ceyhun Sultanov “Gəncə”dən ayrıldı
“Rəhbərliklə anlaşa bilmədik. Artıq bu komandada qalmayacağım dəqiqləşdi”. Bunu apasport.az saytına açıqlamasında son mövsümü “Gəncə” klubunun heyətində keçirən Ceyhun Sultanov deyib.

Hazırda istirahət edən yarımmüdafiəçi karyerasını hansı komandada davam etdirəcəyini bilmir. Bir müddətdir paytaxtdan kənarda olan Sultanov onun üçün “Gəncə” dəftərinin bağlandığını bildirib: “Mövsüm başa çatdıqdan sonra klubdan heç kimlə görüşməmişəm. Ancaq çempionatın gedişində komandadan ayrılacağımı demişdim. Ona görə də, “Gəncə”də oynamayacağımı deyə bilərəm”.

Hələ heç bir klubla danışıq aparmadığını deyən futbolçu bunun səbəbini paytaxtda olmaması ilə izah edib. Yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini deyən Sultanov narahatlığını gizlətməyib: “İşlərim yarımçıq qalıb. Hələ Ağstafadayam. İki günə Bakıya dönəcəm və transfer məsələmlə bağlı işlərə başlayacam. Hələlik konkret təklif göndərən komanda yoxdur”.