“Adama deyərlər ki, əvvəl klub tap, sonra danış”
10.06.2011 - 15:00
“Adama deyərlər ki, əvvəl klub tap, sonra danış”
“Nə təklif var, nə də maraqlanan. Özüm üçün fərdi məşq edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın transferə çıxardığı futbolçusu Samir Abasov deyib.

Son mövsümü Ağdam təmsilçisinin heyətində keçirən 33 yaşlı müdafiəçi qış fasiləsindən sonra əsas heyətə düşməkdə çətinlik çəkirdi. Bir müddət zədəli olduğu üçün yaşıl meydanlardan kənarda qalan Abasov sonradan ehtiyat oyunçular skamyasının üzvünə çevrildi.

Təbii ki, Avropa Liqasında uğurlu çıxış etmək istəyən “Qarabağ” rəhbərliyi sonda onu transferə çıxarmaqla, gənclərə şans verməyə qərar verdi. Düzdür, transferə çıxarıldığını mətbuatdan eşidən futbolçu Bakıya döndükdən sonra klub rəhbərliyi ilə bununla bağlı görüşəcəyini demişdi: “Klub rəhbərliyi ilə danışdım. Nə deyəcəklər ki? Yaşla bağlı transferə çıxarıldığımı dedilər. Onlara 30-31 yaşlarında futbolçu lazımdır. Mənim isə 33 yaşım var”.

Təklif alacağına ümidini itirməyən yığmanın sabiq üzvü əks təqdirdə futbolla vidalaşacağını deyib: “Hansısa komandadan təklif alacağıma inanıram. Olmasa, nə edəcəm? Karyeramı bitirəcəyəm. İndi elə vəziyyətdəyəm ki, hansısa klubu bəyənib-bəyənməməyim düzgün deyil. Adama deyərlər ki, əvvəl klub tap, sonra danış”.

Abasov vaxtilə formasını geyindiyi “İnter”ə dönməyin əleyhinə olmadığını da vurğulayıb: “Əgər “İnter” məni istəsə, niyə də ora dönməyim? Bu məsələ artıq onlardan asılıdır”.