“Mən məşqçilik edəndə, Mirbağır futbol oynayırdı”
10.06.2011 - 17:01
“Mən məşqçilik edəndə, Mirbağır futbol oynayırdı”
Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryovun apasport.az saytına müsahibəsi

- Az öncə saytımıza müsahibənizdə demişdiniz ki, İsveçə dostunuz Oqtay Abdullayevin oğlunun toy mərasimində iştirak etdikdən sonra qayıdacaqsınız. Amma dönüşünüz toydan əvvələ təsadüf etdi. Buna nə səbəb oldu?
- Düzdür, Bakıya gələndə planım elə idi. Ancaq problem biletimi dəyişə bilməməklə bağlıdır. Oqtayla çox çalışsaq da, başqa tarixə bilet ala bilmədik. Buna görə də dünənə olan biletlə İsveçə qayıtdım. Əlbəttə, toyda iştirak etməyi çox istərdim. Ancaq məni başa düşdülər və səbəbkarlara təbriklərimi çatdırdım.

- Futbolumuzun 100 illik yubileyində iştirak etdiniz. İsveçə hansı təəssüratla qayıtmısınız?
- Ən yaxşı təəssüratlarla. Hər şey çox yaxşı təşkil olunmuşdu ki, buna görə AFFA rəhbərliyinə təşəkkür etmək istərdim. Mərdəkanda “Dalğa Arena”nın açılışı, Əzizbəyov metrosu yaxınlığında 65 minlik Olimpiya stadionunun təməl qoyma mərasimi oldu. Ölkə prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya “çox sağ ol” demək istəyirəm. Dövlət başçımız Azərbaycanın, o cümlədən, idmanın inkişafı üçün böyük işlər görür. Çox şadam ki, həmin mərasimdə iştirak etdim. FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platininin də yubiley tədbirlərinə qatılması böyük hadisədir. İştirakçılar arasında olmağımdan qürur duyuram.

- Sizə hansısa hədiyyə, mükafat və ya suvenir verildimi?
- Axşamkı ziyafət zamanı hər masada suvenirlər qoyulmuşdu. Bu, futbolumuzun 100 illik yubileyi ilə bağlı müxtəlif hədiyyələr idi.

- Belə bir söhbət var ki, sizə əməkdar məşqçi adı veriləcək?
- (gülür) Yox. Mənə bu haqda heç nə deyilməyib. Əgər belə bir şey varsa, bundan xəbərsizəm.

- Bakıda oldunuz müddətdə yeni işlə bağlı hansısa yenilik, görüşləriniz oldumu?
- Yox. Heç kimlə danışığım olmayıb. Sakitçilik idi.

- İsveçə qayıtdığınız ərəfədə sizin “Abşeron” klubunun baş məşqçisi olacağınızla bağlı xəbərlər yayıldı. Bu haqda məlumatınız var?
- Düzünü deyəcəyəm. Belə söhbətlərin gəzdiyini bilirəm. Ancaq “Abşeron”un baş məşqçisi postuna gəlməklə bağlı hansısa söhbət olmayıb.

- Deyilənlərə görə, yaxşı münasibətləriniz olduğu AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun vasitəçiliyi ilə yenidən vətəndə işləyəcəksiniz...
- Bilirsiniz, bunlar spekulyasiyadır. Məsələnin dediyiniz kimi qələmə verilməsi düzgün olmazdı. Elşad Nəsirovla yaxşı münasibətlərimin olması, hələ heç nə demək deyil. Mənim Azərbaycan futbolunda yetərincə xidmətlərim var və buna görə də Vətəndə işləməyə haqqım çatır. Məsələyə başqa cür yanaşmağı düzgün saymıram. Nəyə görə belə söhbətlər ortaya atılmalıdır? Belə olmaz! Demək ki, misal üçün, Elşad Nəsirov dostum olduğundan, mənə iş verirlər – bu, düzgün deyil. Hesab edirəm ki, bu mövzu birdəfəlik bağlanmalıdır. O başqa ki, Azərbaycan futbolunda xidmətlərimə görə hansısa klubumuzda işləməyə layiqəm. Məni istəməyən qüvvələr bu söhbətləri ortaya atıblarsa, bu, artıq başqa məsələ.

- Təbii ki, Azərbaycanda tanınmış insan olduğunuzdan, hansısa vasitəçiliyə ehtiyacı yoxdur. Yəni, xidmətinizdə maraqlı olanlar sizi asanlıqla tapıb, danışıqlar apara bilərlər...
- Tamamilə haqlısınız və fikirlərinizi dəstəkləyirəm. Hesab edirəm ki, əgər personama hansısa maraq varsa, buyursunlar, həmişə əməkdaşlıqla bağlı hər hansı məsələni müzakirə etməyə hazıram. Bir çoxları Azərbaycanda çalışırlar. Niyə mən Azərbaycanda işləməməliyəm?

- Yəni, əslində, sualı belə qoymaq lazımdır...
- Əlbəttə. Bu, tamamilə doğrudur. Siz sualı çox düzgün qoydunuz.

- Bizdə yaxşı bir məsəl var – həm ziyarət, həm ticarət. Yəni, Bakıya yubiley tədbirlərinə qatılmaqla, həm də hansısa klubla danışmağınız üçün yaxşı fürsət yaranmışdı. Vətənə növbəti səfəriniz zamanı iş tapacağınız ürəyinizdən keçirdimi?
- Düzünü desəm, mən Bakıya konkret AFFA-nın dəvəti ilə futbolumuzun 100 illik yubileyində iştirak etmək üçün gəlmişdim. Bu dəvətə görə federasiyamızın rəhbərliyinə minnətdaram. Bu, mənim üçün yaddaqalan gün oldu. Ora danışıqlar üçün bağlı münasib vaxt, məkan deyildi. Çünki klub rəhbərləri məni istənilən vaxt asanlıqla tapa bilərlər və bu baxımdan heç bir problem yoxdur.

- Ziyafətdə bir çox klubların nümayəndələri ilə görüşdünüz. Ancaq bunlar yalnız ayaqüstü, dostcasına söhbətlər olardı...
- Doğrudur. Orada başqa mövzu ilə konkret heç bir danışıq olmadı.

- Sabah “Abşeron”dan rəsmi təklif alsanız, bunu qəbul edərsiniz? Debütantın təklifi sizin maraqlandıra bilər?
- Bir şeyi deyim ki, klublarımızın hər birinin təklifinə baxıb, danışıqlar aparmağa hazıram. Bu olmamış nəsə demək düzgün çıxmazdı. Mən spekulyasiya ilə məşğul olmağı istəməzdim. Kimsə xidmətimdə maraqlı olsa, buyurub, mənimlə əlaqə saxlaya bilər.

- “Abşeron” haqda hansı məlumatınız var?
- Təbii ki, müəyyən informasiyalarım var, ötən mövsüm I divizionun çempionu kimi Premyer Liqaya çıxdıqlarını bilirəm. Orada mənim bir sıra dost-tanışlarım yer alıb.

- Komandanın baş məşqçi Mirbağır İsayevlə münasibətləriniz necədir?
- Açığı, onunla münasibətim “salaməleyküm” səviyyəsindədir. Mən məşqçilik edəndə, Mirbağır İsayev futbol oynayırdı. O, məndən yaşca xeyli kiçikdir.

- Belə çıxır ki, klub rəhbərliyi ilə tanışlığınız var?
- Bəli. Mən rəhbərlikdə olan bir sıra şəxsləri xeyli müddətdir tanıyıram. Onlarla yaxşı münasibətlərim var. Mövsüm ərzində mütəmadi əlaqələrimiz olub.

- Ancaq bu zaman komandanı gələcəkdə çalışdırmağınız təklif edilməyib?
- Yox. Belə təklif almamışam. Mənim onlarla sadəcə, dost münasibətim var.

- Bir şeyi də nəzərə alaq ki, futbolçular və məşqçilər hansısa təklif alanda bunu gizlədirlər...
- Fikrimcə, bu, normal haldır. Çünki hadisələri qabaqlayıb, əvvəldən nəsə demək istəmirsən. Ola bilər ki, maraq olsun, ancaq sonradan əməkdaşlıq baş tutmasın. Sizin də bir jurnalist kimi maraqlanmağınızı başa düşürəm.

- Hər halda, təklif alsaydınız, bunu gizlətmədiniz...
- Əlbəttə. Təklif alsaydım, bunu açıqlayardım. Bu baxımdan problem görmürəm.

Mehman SÜLEYMANOV