Mahmud Qurbanov üçün yeni stimul
10.06.2011 - 17:24
Mahmud Qurbanov üçün yeni stimul
Moskva “Lokomotiv”inin kapitanı Dmitri Loskov postsovet məkanında yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Rusiya millisinin 37 yaşlı sabiq yarımmüdafiəçisi güclülər dəstəsində 433-cü oyununu keçirib.

Bu, Premyer Liqanın XII turunda “Tom”la bugünkü oyunda baş verib. Əsas heyətdə meydana çıxan Dmitri tarixə düşüb. Buna qədər keçmiş SSRİ-də yüksək liqada ən çox oynayan futbolçu yığmanın və Kiyev “Dinamos”unun əfsanəvi hücumçusu Oleq Bloxin idi. O, SSRİ çempionatında 432 oyunda meydana çıxıb.

1992-ci ildən keçirilən Azərbaycan milli çempionatlarının hamısının iştirakçısı olan Mahmud Qurbanov ən çox oynayan futbolçumuzdur. 38 yaşlı yarımmüdafiəçi ölkə çempionatımızda 404 oyun keçirib ki, bu baxımdan rekordu hələ uzun müddət əlçatmaz olacaq.

Ancaq göründüyü kimi, Mahmudun göstəricisi postsovet məkanında mütləq rekord deyil. Gəncənin “Kəpəz” klubuna qayıdacağı gözlənilən Qurbanov növbəti mövsümdə də oynayarsa, oyun sayını artırmağa stimulu olacaq. Ancaq digər tərəfdən, Rusiya Premyer Liqasında cari mövsüm gələn yaya kimi uzadıldığından, Loskov oyun sayını xeyli artıraraq, rekordunun çatmasına imkan verməyəcək.