Çiçək, Sandro və Aleko
12.06.2011 - 14:33
Çiçək, Sandro və Aleko
Bakıda keçirilən “Caspian Cup” beynəlxalq turniri məhsuldarlığı ilə diqqət çəkir. Apasport.az saytının məlumatına qrup mərhələsinin ilk yarısı qol yağışı ilə əlamətdar olub. Belə ki, artıq baş tutan 6 qarşılaşmada 34 qol vurulub. Bu da orta hesabla hər matça 5,67 topun vurulması deməkdir.

Bu matçlar hücumçuların da fərdi şousu ilə yadda qalıb. Azarkeşlər həm dubl, həm het-trik, hətta penta-trik də izləyib. Turnirin ən böyük qəhrəmanı isə türkiyəli Atabəy Çiçəkdir. O, Özbəkistanla qarşılaşmada 60 dəqiqəyə, yəni 1 saata 5 qol vurub.

İspaniyalı Sandro Ramiresin də hesabında 5 qol var. Lakin o, bunları 2 matça vurub. Tacikistanla matçda 19 dəqiqə ərzində 3 qol vuran istedad Qazaxıstanla qarşılaşmada 2 qolunu 8 dəqiqə ərzində vurub. Həmin matçda daha 2 futbolçu – İqlesias və Kastilyexo da 2 dəfə fərqləniblər.

Bombardirlər yarışında Çiçəklə Ramiresin digər rəqibi Aleko Mzevaşvilidir. Gürcü futbolçu həm tacik, həm də qazaları dublla məyus edib.