Sergey Qridindən Azərbaycana daha bir zərbə
13.06.2011 - 11:12
Sergey Qridindən Azərbaycana daha bir zərbə
Qazaxıstan milli komandasının futbolçusu Sergey Qridin azərbaycanlıların “kabusuna çevirilib”. Apasport.az saytının məlumatına görə, “Tobol” klubunun gənc hücumçusu bu ayda 10 gündə bizə daha bir zərbə vurub və bu, hər iki halda, Qazaxıstanda baş verib. Azərbaycanlı Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau” Premyer Liqanın son turunda evdə Qridinin komandasına uduzub (0:2) ki, bundan sonra çalışdırıcımız istefa verib. Yenə əsas heyətdə meydana çıxan Sergey bu dəfə özü qol vurmasa da, komandasının qələbəsində əsas pay sahibi olub. “Tobol”un baş məşqçisi Sergey Petrenko hücumçunu 82-ci dəqiqədə, yəni komandası 2-ci qolu vurub, qələbəni təmin edəndən sonra əvəzləyib.

Qridin Avro-2012-nin seçmə mərhələsində iyunun 3-də Qazaxıstan yığmasının heyətində milli komandamızla rəsmi oyunun qəhrəmanı oldu. Rəqib görüşün 2-ci hissəsində məhz onun qısa müddətdə etdiyi dublla qalib gəldi – 2:1. Özü də bu, Sergeyin millisinin debüt oyunu idi. Bu acınacaqlı məğlubiyyətdən sonra millimizdə də baş məşqçi dəyişikliyi gündəmə gəldi. Ancaq fərq ondadır ki, yığmamızın almaniyalı çalışdırıcısı Berti Foqts təriflədiyi Qridinin komandasından aldığı zərbədən sonra duruş gətirərək, istefa verməyəcəyini bildirdi və sözünün üstündə sona kimi durdu.

Qeyd edək ki, yanvarda “Atırau” klubu ilə 1 illik müqavilə bağlayan Məmmədov bu ölkədəki ilk baş məşqçimiz kimi tarixə düşdü. O, özünə köməkçi kimi həmyerliləri Elxan Məmmədovla Mehman Baxışovu götürüb.