“Bakı” Zaqreb “Dinamo”su ilə qarşılaşacaq
13.06.2011 - 16:42
“Bakı” Zaqreb “Dinamo”su ilə qarşılaşacaq
“Bakı” klubunun Sloveniyadakı təlim-məşq toplanışında rəqibləri müəyyənləşib. Apasport.az-ın paytaxt komandasının rəsmi saytına istinadən məlumatına görə, iyunun 28-dən iyulun 10-a kimi bu ölkədə hazırlıq keçəcək Aleksandr Starkovun yetirmələri 3 yoxlama görüşündə güclərini yoxlayacaqlar.

“Bakı” ilk matçını iyulun 2-də Sloveniya vitse-çempionu “Domjale” klubu ilə keçirəcək. Bu komanda həm də son ölkə kubokunun qalibidir.

Paytaxt klubu növbəti görüşünə 3 gün sonra çıxacaq. Bu dəfə rəqib Çempionlar Liqasının iştirakçısı Zaqreb “Dinamo”su olacaq. Xorvatlar çempion, həm də kubokun sahibi olmaqla son mövsümü qızıl dublla başa vurublar.

“Bakı”nın son qarşılaşması isə iyulun 9-da baş tutacaq. Bu görüşdə futbolçularımız Türkiyə Superliqasına vəsiqə qazanan “Orduspor”la qüvvəsini sınayacaq. Yeri gəlmişkən, “Bakı”nın türkiyəli sabiq müdafiəçisi Gürşat Duymuş məhz bu klubda forma geyir.

Qeyd edək ki, “zolaqlılar” iyunun 23-də bir araya gələcəklər.