“Barselona” Mirça Rednikin əldən buraxdığı futbolçunu transfer edir
13.06.2011 - 17:17
“Barselona” Mirça Rednikin əldən buraxdığı futbolçunu transfer edir
Çempionlar Liqasının son qalibi olan “Barselona” klubu yeni hücumçu transfer etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi Moskva MOİK-in Kot D’İuvarlı legioneri Seydu Dumbiyaya göz dikib. Milli komandasının da üzvü olan 23 yaşlı hücumçu 2010-cu ildən “hərbçilər”in şərəfini qoruyur və 28 oyunda 19 qol vurub.

Mövsümlərarası fasilədə hücum xəttini gücləndirməyi planlaşdıran “Barsa”nın transfer siyahısında digər hücumçular Fransa “Lil”indən Eden Azar və İtaliya “Palermo”sundan Xavyer Pastoredədir. Yeri gəlmişkən, Eden bu ilin martında Belçika yığmasının heyətində milli komandamızla evdə 4:1 hesabı ilə qalib gəldikləri rəsmi oyunda iştirak edib.

Qeyd edək ki, Dumbiya “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikə yaxşı tanış futbolçudur. Hücumçu 2008-ci ilin yayında Rednikin çalışdırdığı Buxarest “Rapid”inə baxışa gələrək, Portuqaliya toplanışında iştirak edib. Vətənə döndükdən sonra Rednik artıq bəyəndiyi İbrahim Salou ilə Dumbiya arasında seçim etməli olub. Sonuncu məşqçinin xoşuna gəlsə belə, rumıniyalı sınadığı İbrahimə üstünlük verib. Dumbiya isə İsveçrənin “Yanq Boyz” klubuna keçərək, orada parladıqdan sonra 15 milyon avroya MOİK-ə transfer edilib.