Yığmamıza qol vurub, “Top-10”a daxil oldu
14.06.2011 - 10:17
Yığmamıza qol vurub, “Top-10”a daxil oldu
2011-ci ilin ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin arxada qalan hissəsində baş tutan beynəlxalq oyunlarda 5 və daha artıq qol vuranların siyahısını tərtib edib.

Milli komandada və qitə kuboklarında üst-üstə 5-dən artıq qol vuranların cədvəlinə isə 51 oyunçu daxil olub. Azərbaycan təmsilçilərinin olmadığı siyahıya “Mançester Yunayted” klubunun hücumçusu Xavyer Ernandes başçılıq edir.

“Çikarito” ləqəbli futbolçu Meksika yığmasındakı qollarının sayını 8-ə çatdırmaqla, ümumilikdə 11 dəfə fərqlənib. O, məhz millidəki qollarının sayına əsasən “Portu”nun kolumbiyalı ulduzu Radamel Falkaonu arxada qoyur. Cənubi amerikalı yığmada 1, klubda 10 dəfə sevinib. 3-cü olan italiyalı Cüzeppe Rossi millidəki 3 qoluna “Vilyarreal”dakı 6 topunu əlavə edib.

Bu il 7-ci qolunu bir həftə əvvəl Bakıda Azərbaycan milli komandasının qapısına vuran Mario Qomes isə 8-ci pillədə qərarlaşıb. O, Almaniya yığmasında 5, “Bavariya”da 2 dəfə qol sevinci yaşayıb. Qomes məhz Bakıdakı qolun sayəsində ilk “10-luğ”a daxil olub.