Azərbaycanlı futbolçu oğurluğa görə həbs olunub - VİDEO
16.06.2011 - 15:15
Azərbaycanlı futbolçu oğurluğa görə həbs olunub - VİDEO
Az öncə Bakıda oğurluqda şübhəli bilinərək saxlanılan Bərdə rayon sakini Rahib Nəcəfov futbolçu imiş. Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümündə Bərdənin ABN klubunda oynayan 24 yaşlı yarımmüdafiəçinin soyğunçu olmasını Nərimanov rayon polis şöbəsinin əməkdaşları aşkara çıxarıblar.

Araşdırma nəticəsində Rahibin Dəmirçizadə, Fətəli xan Xoyski küçələrində yerləşən futbol meydançalarının və Tofiq Bəhramov adına Respublika Stadionunun soyunub-geyinmə otağından Bakı sakinləri Ruslan Şirəliyev, Fərmayıl Vəliyev, Vüsal Kazımov və digərlərinin mobil telefonlarını və pullarını oğurladığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Nəcəfov 2009/10 mövsümündə komanda yoldaşı Bəhruz Cəlalovla birgə “Rəvan”la ev oyununda baş hakim Emil İsgəndərova qarşı fiziki təzyiq göstərdikləri üçün 3 illik futboldan kənarlaşdırıblar. Onlara görə ABN 7000 manat məbləğində cərimələnmişdi. Bundan sonra oğurluğa əl atan Rahib daha ağır cəzaya məruz qalaraq, həyatının müəyyən hissəsini dəmir barmaqlar arxasında keçirməli olacaq.
0