“Qarabağ”ı keçib, “Xəzər Lənkəran” və AZAL-dan qorxur
17.06.2011 - 14:54
“Qarabağ”ı keçib, “Xəzər Lənkəran” və AZAL-dan qorxur
Avropa Liqasına II təsnifat mərhələsindən başlayacaq Çexiyanın “Yablonets” klubu yarış ərəfəsində püşkün onların bəxtinə çıxaracağı rəqibi gözləyir. Apasport.az saytının məlumatına görə, komandanın ən təcrübəli futbolçularından biri Mihal Spit iyunun 20-də atılacaq püşkatma ilə bağlı fikirlərini açıqlayıb.

36 yaşlı qapıçı ən arzulanan və arzuolunmaz rəqiblərin adlarını da çəkib. 1997/98 mövsümündə Ağdamın “Qarabağ” klubunu hər iki matçda böyük hesabla – 5:0 və 3:0 üstələyən Çexiya təmsilçisi bu dəfə Azərbaycan komandası ilə qarşılaşmaq istəmir: “O günlərdə biz komanda yoldaşlarımızla oturub, bu mövzuda müzakirələr apardıq. Yekdil fikrimiz bu oldu ki, San-Marino təmsilçisindən yaxşı rəqib tapmaq mümkün deyil. Əlbəttə ki, heç kim Azərbaycan və buna oxşar ölkələrin komandası ilə qarşılaşmaq istəmir. Lakin bir şey dəqiqdir ki, bizim istəyimiz əsas deyil, hər şeyi püşk həll edir”.

Qeyd edək ki, “Yablonets” II təsnifat mərhələsində komandalarımızdan “Xəzər Lənkəran” və ya AZAL-la qarşılaşa bilər. Lakin bunun üçün “təyyarəçilər” ilk mərhələni adlamalıdır.

“Qarabağ” isə Çexiya təmsilçisi ilə eyni - səpələnmişlər sırasında yer aldığından onlar II təsnifat mərhələsində görüşə bilməz. Amma ağdamlılar 14 il əvvəlkinin qisasını sonrakı mərhələlərdə ala bilməsi istisna deyil.