“Sanki tankın qabağına əli silahsız çıxmışdım”
17.06.2011 - 15:40
“Sanki tankın qabağına əli silahsız çıxmışdım”
Azərbaycanın “Əməkdar məşqçi”si adına layiq görülən Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

- “Əməkdar məşqçi” adını alacağınızı nə vaxt bildiniz?
- Futbolumuzun 100 illik yubileyinə bir neçə gün qalmış dedilər ki, sənin adın artıq təqdim olunub və “Əməkdar məşqçi” adını alacaqsan. Bəzi insanlar elə fikirləşir ki, bu adı aldın, qurtardı. İnanın ki, bu ad insanın üzərinə böyük bir yük qoyur. “Əməkdar məşqçi” ən yüksək ad deməkdir.

- Yəni, məşqçilikdə bundan yüksək ad yoxdur...
- Bəli, bu ad böyük məsuliyyət tələb edir. Bu adı alırsansa, futbolumuzda hansısa xidmətin olmalıdır. Əvvəl çempionluq, kubok, medallar uğrunda vuruşurdunsa, indi bilavasitə ölkə futbolunun inkişafı haqda fikirləşməlisən. Bu adın məsuliyyətini, nə demək olduğunu hiss edirəm. Keçmişdəki nailiyyətlərimizə görə bizə ad verildi. Ancaq bundan sonraya baxmalıyıq və bilirsiniz ki, işsizik.

“Əməkdar məşqçi” hökmən işləməlidir”

- “Əməkdar məşqçi” işsiz olmamalıdır...
- Doğrudur. Mənə elə gəlir ki, “Əməkdar məşqçi” hökmən işləməlidir. İndi elə yaşdayıq ki, işləyən vaxtımızdır. Yaşımız 60-ı keçəndən sonra bir az çətin olar. Ona görə də çalışacağım ki, mənə olan bir sıra təklifləri tezliklə dəyərləndirim. Passiv olmaq istəmirəm.

- İndi mövsümlərarası fasilədir ki, iş tapmaq üçün bu fürsətdən yararlanmaq lazımdır.
- Bəli. Mən bu fasilə müddətindən maksimum istifadə etməyə çalışacağam. Sizə açıq deyim, Azərbaycanın “Əməkdar məşqçi”si deyildim, ancaq çempionluq sevinci yaşayırdım, bürünc mükafatçı olurdum. Artıq bu gün “Əməkdar məşqçi”yəm və daha böyük məsuliyyət hiss edirəm. Futbolda deyə bilmədiyim sözləri bundan sonra meydanda daha yaxşı nümayiş etdirməyə çalışacağam.

- Yəqin ki, bu adı almağınızda Azərbaycan çempionu olmağınız, yəni “Bakı” ilə 2006-cı ildə qızıl medal qazanmağınız böyük rol oynadı. Özü də sona 8 tur qalmış komandanın “sükanı arxası”na keçməklə, buna nail oldunuz.
- Elədir. Adı verənlər məşqçinin karyerasına baxıb, xidmətlərini əsas götürürlər. Mən baş məşqçi kimi Azərbaycan çempionu titulunun sevincini yaşamışam. Bu, Azərbaycan futbolun ən şərəf nöqtəsidir və mən onu görmüşəm. 8 tur qalmış komandanı götürürəm, uduzmadan, özü də qol buraxmadan çempion edirəm. Həmin vaxt komanda 5-ci yerdə idi və sonda 1-ci yerə çıxardım. Düzdür, bu, tək mənim yox, “Bakı” klubunda işləyənlərin hər birinin xidmətidir. Bu xidmətlərimizə görə dövlət bizi qiymətləndirdi. İndi gələcək haqda fikirləşmək lazımdır. Gələcəyi elə qurmaq lazımdır ki, qoy, ölkənin ən ali medal və ordenlərinə layiq görülək. Bu gün əldə etdiyimlə kifayətlənən adam deyiləm. Əldə etdiyimi daha da inkişaf etdirmək, daha da uzaqlara görmək istəyirəm.

- Necə hesab edirsiniz: bu adı almağınız sizin üçün yaxşı bir reklam oldumu? Yəni, klublarımız “Əməkdar məşqçi” adını almış Böyükağa Hacıyevlə daha yaxından maraqlanacaqlarmı?
- Yəqin ki. Yadınızdan çıxmasın ki, əgər bu gün “Əməkdar məşqçi”siyəmsə, bu artıq bir stimul verir. Yəqin ki, klub rəhbərləri bu adları alanlarla maraqlanacaqlar. Kimi layiq biləcəklərsə, aparacaqlar.

“Azərbaycanın yeganə məşqçiyəm ki...”

- Bu adı alandan sonra klublara bir mesajınız, çağırışınız varmı?
- Mənim əsas mesajım nədən ibarətdir? Bilirəm ki, məni futbolda sevməyən bir sıra qüvvələr var. Ancaq onlar unutmasın ki, mən futbola küçədən gəlməmişəm. Bu səviyyəyə çatmaq üçün düz 30 il futbol karyerası keçmişəm. Bildiyiniz kimi, Azərbaycanın yeganə məşqçiyəm ki, 3 il İranda işləyərək, legioner həyatı yaşamışam. Məncə, futbol bioqrafiyama nəzərə salsalar, həddən artıq keşməkeşli karyeramın olduğunu görərlər. O mənada ki, hansısa əcnəbi məşqçini xaricdən Azərbaycana çempion olmaq üçün gətirirlər. Axı bizim öz azərbaycanlımız çempion ola bilir də. Mən də çempion ola bilirəm.

- Ancaq razılaşın ki, Avropada da uğur qazanmalıyıq...
- Məni düzgün başa düşün. Ola bilər ki, əvvəllər bizim avrokuboklarda təcrübəmiz az olduğundan, bundan maksimum istifadə edə bilməmişik. İndi artıq yetərincə həyat və futbol təcrübəmiz var. Bir də mənim əlimə hansısa klubumuzla Çempionlar Liqasında oynamaq qismət olsa, onda başqa cür oynayaram.

“Deməli, onda mən bacarıqsızam”

- Bu şansı əldən buraxmazsınız?
- Bir də buraxmaram. Bunu unutmayın. Qurban olduğum Məhəmməd Peyğəmbər deyir ki, əgər 1-ci dəfə tərəf məni aldadırsa, tərəfə lənət. 2-ci dəfə məni eyni fəndlə aldadırsa, mənim özümə lənət. Deməli, onda mən bacarıqsızam. 5 il öncə Çempionlar Liqasında “Sioni” ilə oynayanda 28-ci dəqiqədə artıq meydanda 8 nəfərlə qalmışdım. Belə böyük üstünlüyə baxmayaraq, rəqib bizə cəmi 2 qol vura bildi. Həmin futbolçuların 2-si də bizdə icarə əsasında oynayırdı. Onda Xalidi Sissoko, Leandro Qomeş, Andre Ladaqa, Aleksandr Qoqoberişvilinin, qırmızı vərəqə alan Vüqar Quliyevlə Ramazan Abbasovun yoxluğuna baxmayaraq, səfər oyununda yalnız sona yaxın 2 qol buraxdıq. Yəni, sanki tankın qabağına əli silahsız çıxmışdım. Mənim yenidən hansısa klubda belə bir fürsətim olarsa, bundan maksimum yararlanıb, öz sözümü deyərəm.

- Konkret hansısa klublardan təklif almasınız?
- Mən onu indi deyə bilmərəm. Çünki hələ danışıqlar gedir. Bu üzdən indi açıqlama verə bilməyəcəyəm.

- Öz klublarımızdır?
- Bəli. Azərbaycan daxilində söhbətlər gedir. Yəqin ki, çox çəkməz və yaxın günlərdə sizə konkret məlumat verərəm.

- İşləmək üçün yenidən İrana, yaxud başqa xarici ölkəyə yollanmaq fikriniz var?
- Harasa getmək fikrim yoxdur. Çünki İranda bir dəfə 3 il yaşamışam. Mən bu gün görürəm ki, Azərbaycan futbolunda inkişaf var. Ona görə də futbolumuzu qoyub, heç yerə getmərəm.

- Hesab edirsiniz ki, Azərbaycan çempionu olmuş baş məşqçinin kənarda qalması hardasa haqsızlıqdır?
- Bəli. Bu gün Azərbaycana xaricdən işləməyə gəlirlər. Biz niyə xaricə üz tutmalıyıq? Ondansa, öz vətənimizə işləyərik, xeyri də öz ölkəmizə verərik də. Həm də, indi azərbaycanlı məşqçinin xaricdə işləməyi bir az problemdir.

- Bu, futbolumuzun səviyyəsi ilə bağlıdır?
- Bəli. Bizim reklamımız yoxdur. Sizə açıq deyim ki, işləyən Avropa səviyyəli menecerlərimiz yoxdur. Uzağa getməyin, Qyoko Hacıyevski “Simurq”u autsayder elədi, birinci diviziona düşürdü, ancaq bu gün Makedoniya yığmasının baş məşqçi postuna gətirirlər. Bu, nədən irəli gəlir? Deməli, güclü meneceri var. Ona görə də futbolda bir sıra faktorlar var ki, onu nəzərə almalıyıq. Ola bilər ki, bizim üçün kiçik görünsün. Ancaq bu, belə deyil, köklü işlərdir. Bu üzdən belə şeylərin arxasını hökmən tutmaq lazımdır. Azərbaycan futbolu hələ indi-indi dirçəlmək, inkişaf etmək, təşəkkül dövrünə qədəm qoymaq istəyir. Biz hərdən çox tələsirik.

“Bu gün 1 nömrəli döyüş tapşırığına hazıram”

- Bildiyimizə görə, bir müddət öncə gözünüzdən əməliyyat olunmusunuz. İndi vəziyyətiniz işləməyə imkan verir?
- Bəli, yüksək səviyyədə işləməyə imkan verir. Bu gün sağlamlığımdan heç bir şikayətim yoxdur. Bəli, Moskvada gözümdən əməliyyat olundum və bundan sonra özümü həddən artıq yaxşı hiss edirəm. Bir az baş soyuqluq edib, kondisionerin altında yatmışdım və soyuq gözümə təsir etmişdi. Artıq bunların hamısı geridə qalıb. Allaha şükür, bu gün 1 nömrəli döyüş tapşırığına hazıram.

- Artıq 1 ildir işləmirsiniz. Bu amil insanın maddi dolanışığına da təsir göstərir. Üstəlik, əməliyyat zamanı xərcə düşmüsünüz. Bu mənada maddi sıxıntı yaşamırsınız ki?
- Sizə açıq deyim ki, 2 oğlumdan biri əsgərlikdədir, biri də işləmir. Əlbəttə, işləmirsənsə, bu, hökmən öz mənfi təsirini göstərəcək. Ancaq sağ olsun yaxşı dostlar, heç vaxt məni çətinlikdə qoymurlar.

- Ancaq dost köməyi də uzun müddətli ola bilməz.
- Mən də çalışacağam ki, onların səbir kasası dolana kimi iş tapım (gülür).

Mehman SÜLEYMANOV