Əsgər Abdullayev: Tovuzda futbol bulaq kimi qaynayır
17.06.2011 - 23:03
Əsgər Abdullayev: Tovuzda futbol bulaq kimi qaynayır
“Əməkdar məşqçi adını alacağımı gözləmirdim. Əlbəttə, hər bir mütəxəssis üçün bu ada layiq görülmək xoşdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

Hələ 90-cı illərdən başlayan məşqçilik karyerasına 2 illik ara verən 51 yaşlı mütəxəssisin qayıdışı düşərli oldu. Belə ki, Abdullayev az öncə özünə yeni iş tapdı, ardından “Əməkdar məşqçi” adı aldı: “Bu, hər bir məşqçinin işinə verilən qiymətdir. Bunu edən şəxslərə minnətdaram. Sağ olsunlar ki, zəhmətimizi qiymətləndiriblər”.

“Neftçi”də oyun sayına (411) görə yalnız qapıçı Sergey Kramarenkodan 1 oyun geri qalan Abdullayev saytımızın keçirdiyi sorğuya görə 100 illiyin rəmzi yığmasına düşdü. Buna görə seçicilərə minnətdar olan Abdullayevin məşqçilik karyerasında ilk vaxtlar yığmalarla bağlı olub.

Milli komandamızın da baş məşqçisi olan təcrübəli çalışdırıcı Avro-2004-ün seçmə mərhələsində Serbiya yığmasına uduzmayaraq, 2 oyundan 4 xal götürməsi ilə adını tarixə yazdırdı: “Futbolçu kimi elə “Neftçi” ilə çempion olmuşam. Məşqçi kimi buna yaxın olduğum vaxt olub. 2008-ci ildə çalışdırdığım “Olimpik”lə çempionatı 2-ci yerdə bitirdim. Əlbəttə, gələcəkdə ən böyük arzularımdan biri məşqçi kimi Azərbaycan çempionu olmaqdır”.

Ancaq keçmiş müdafiəçiyə indiki klubu ilə istəyinə çatmaq çətin olacaq. Hər halda, bir vaxtların iddialı olan, çempionluq uğrunda oynayan “Turan” XXI əsrdə çətin günlərini yaşayır. Son illərdə autsayderlər sırasında yer alan Tovuz klubu güclülər dəstəsində qalmağa çalışaraq, buna nail olub. İstənilən halda, Abdullayev bədbinliyə əsas görmür: “Ola bilsin ki, belə fikirləşənlər “Turan”ın son illərdə çıxışını nəzərə alırlar. Ancaq onu da nəzərə almalıyıq ki, “Turan” ən köklü, bütün milli çempionatımızda iştirak edən 3 klubumuzdan biridir. Bundan əlavə, avrokuboklarda ilk təmsilçimiz də məhz “Turan”dır. Bütün bunlar komandanın tarixindən xəbər verir. Tovuz futbolda bulaq kimi qaynayır. Tovuzun futbol məktəbi bütün Azərbaycanda tanınır”.

“Turan”ın çalışdırıcısının sözlərinə görə, çılğınlığı ilə tanınan klub prezidenti Musa Süleymanovla münasibətlərində problem yoxdur: “Hər bir məşqçi komandasını özü qurmaq istəyir. Mən “Turan”da belə imkana malikəm. Klub prezidenti bunu mənim öz öhdəmə buraxıb və işlərimə müdaxilə etmir. Emin Quliyevin transferində fikir ayrılığımız olmadı. Artıq bir sıra transferləri həyata keçirmişik. “Simurq”dan Rasim Ramaldanov, “Qəbələ”dən Namiq Əliyev, “Gəncə”dən Ramal Hüseynovun keçidini rəsmiləşdirmişik”.

Qeyd edək ki, “Turan” uzun illər şərəfini qorumuş öz yetirmələri müdafiəçi Ruslan Abbasovla hücumçu Nadir Nəbiyevi də heyətinə qaytarıb.

Mehman SÜLEYMANOV