“Xəzər Lənkəran”ın rəqibi İsrailin ən qoca və titullu klubudur
20.06.2011 - 17:11
“Xəzər Lənkəran”ın rəqibi İsrailin ən qoca və titullu klubudur
“Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsində rəqibi olan Tel-Əviv “Makkabi”si İsrail futbol tarixində xüsusi yeri var. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ölkəsinin ən qoca və titullu klubudur.

1906-cı ildə yaradılan “Makkabi” 20 dəfə ölkə çempionluğunu, bir o qədər də ölkə kubokunu qazanıb. Komanda 2 dəfə Asiya kubokunun (1968/69, 1970/71), 3 dəfə İntertoto kubokunun (1992/93, 1998/99, 2008/09) qalibidir. 7 dəfə “qızıl dubl” edən “Makkabi” İsrailin aşağı divizionda oynamayan yeganə komandasıdır. Bundan əlavə, Təl-Əviv komandası ölkəsinin Çempionlar Liqasının qrup mərhələsində oynayan 2 təmsilçisindən biridir.

Ötən çempionatın bürünc medalçısı olan “Makkabi”nin prezidenti kanadalı Mitçel Qoldxar, baş məşqçisi yerli çalışdırıcı Motti İvanirdir. Komanda ev oyunlarını 15700 tutumu olan “Blumfild” stadionunda keçirir.

“Makkabi”nin tarixində oynamış tanınmış postsovet məkanının təmsilçilərindən biri bizlərə çox tanışdır. Bu, 2009-cu ildə “Bakı”nıln heyətində Azərbaycan çempionu olan gürcü hücumçu Georgi Demetradzedir. Demetradze totalizatorda qanunsuz işlərə görə həbs olunub.

Qeyd edək ki, İsrailin “Makkabi” adlı digər komandası Hayfanı təmsil edir və futbol tariximizə qızıl hərflərlə düşüb. Bu, “Qarabağ”ın 1999-cu ildə İntertotoda keçdiyi komandadır və bu, avrokuboklarda ilk dəfə mərhələ adlamağımız olub.

Mehman SÜLEYMANOV