“Nisbətən zəif komanda ilə də oynaya bilərdik”
20.06.2011 - 18:01
“Nisbətən zəif komanda ilə də oynaya bilərdik”
“Deməzdim ki, püşkatmada bəxtimiz gətirdi. Düşünürəm ki, nisbətən zəif komanda ilə də oynaya bilərdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Avrokubokların ilk 2 təsnifat mərhələsinin püşkatmasına münasibət bildirən 29 yaşlı müdafiəçi Azərbaycan klubları arasında ən çox bəxti gətirən komandasının daha asan rəqiblərlə düşməməyindən narazıdır: “Lakin bəxtimizə “Banqa” düşdü. Litva çempionatı davam edir və rəqibin futbolçuları yaxşı formadadırlar. Bizdə isə yığma oyunçularında yorğunluq var, mövsüm bitər-bitməz hazırlıqlara başladıq, dincəlməyə vaxtımız az olub. Hələ oyun praktikamız yoxdur. Zənnimcə, birinci mərhələdə bizi çətin sınaq gözləyir”.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Litvanın “Banqa”, bu səddi keçəcəyi halda isə Farer adalarının “Streymur” klubu ilə qarşılaşacaq.