Nazim Süleymanov son seçimini açıqladı
29.06.2011 - 13:20
Nazim Süleymanov son seçimini açıqladı
“Avroliqanın I təsnifat mərhələsi çərçivəsində “Minsk”lə görüşün sifariş vərəqəsinə daha bir futbolçunu əlavə etdik. Söhbət son transferimiz Branislav Arseniyeviçdən gedir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Avroliqada ölkəmizi təmsil edən Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib. UEFA-nın qərarına əsasən avrokubok matçının startına bir sutka qalmışa qədər iştirak ərizəsinə bir futbolçunun adını daxil etmək mümkündür. “Təyyarəçilər” albaniyalı yarımmüdafiəçi Ervin Bulkunu da transfer etsələr də, ilk mərhələdə son sifarişlə bağlı seçimi serbiyalı Branislav Arseniyeviçin xeyrinə edib.

Süleymanovun müdafiənin istənilən hissəsində çıxış edə bilən legioneri Belarusun “Minsk” klubu sabahkı ev oyununda meydana buraxıb-buraxmayacağı dəqiq deyil: “O, 4-5 məşqdə bizimlə birgə iştirak edib. Fiziki durumu da pis deyil. Müdafiənin həm cinahlarında, həm də mərkəzində çıxış etmək qabiliyyətinə malikdir. Elvinin gedişindən sonra sağ cinahdakı boşluğu latviyalı Ritus Krjauklisla da doldura bilərik. Yəni sabah nəyin necə olacağını indidən deyə bilmərəm”.

Qeyd edək ki, Arseniyeviç ötən mövsüm oynadığı “Sarayevo” klubunun heyətində Bosniya və Herseqovinada mövsümün ən yaxşı müdafiəçisi olub.

AZAL-ın Avroliqada iştirak ərizəsi

Qapıçılar: 12. Cahangir Həsənzadə, 1. Amil Ağacanov

Müdafiəçilər: 2. Robert Petrov, 5. Aqil Nəbiyev, 3. Usim Nduka, 6. Ritus Krjauklis, 21. Branislav Arseniyeviç

Yarımmüdafiəçilər: 20. Mansur Limani, 17. Viktor İqbekoyi, 23. Pius İkedia, 7. Tərlan Xəlilov, 9. Vüsal Qarayev, 19. Hüseyn Axundov, 22. Elgün Abbaslı

Hücumçular: 18. Cavid Rəhimov, 11. Zohair Benouahi, 24. Enyo Krastovçev, 8. Elşən Məmmədov, 10. Nuqzar Kvirtiya, 14. Orxan Səfiyaroğlu