Şüvəlan 8-ci oldu: AZAL üçün yaxşı stimul
01.07.2011 - 18:10
Şüvəlan 8-ci oldu: AZAL üçün yaxşı stimul
AZAL klubunun Şüvəlan qəsəbəsindəki stadionu avrokuboklarda oyun keçirdiyimiz 8-ci arena oldu. Apasport.az saytının hesablamalarına görə, klublarımız 1994-cü ildən çıxış etdiyi qitə miqyaslı turnirlərdə 5 məkanda - Bakıda, Sumqayıtda, Gəncə, İmişlidə və Lənkəranda rəqiblərini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionu xeyli müddətdir mərkəzi arenamız olsa da, avrokuboklarda debütümüz orada olmayıb. Belə ki, UEFA keçirdiyi yarışlarda 17 il öncə iştirakımıza icazə verdiyi zamanı bizə Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda oynamağa icazə verdi. Burada isə ilk görüşümüzdə həmin vaxt çempion “Turan” “Fənərbaxça”ya uduzdu - 0:2.

Yalnız 1996-cı ildə avrokuboklarda Respublika stadionunda avrokubok oyunu keçirilməyə icazə verildi və bu, bizim üçün düşərli oldu. “Neftçi”nin Sofiya “Lokomotiv”i üzərində qazandığı əzmkar qələbə (2:1) tarixi oldu. Çünki bu, avrokuboklarda ilk qələbəmiz kimi tarixə düşdü. “Kəpəz” Gəncədə keçirdiyi doğma stadionunda da qələbə qazana bilmədi.

“Şəfa” stadionunun 11 il öncə rəsmi açılışı avrokuboklara təsadüf etdi və bu, eyniadlı komandanın böyük hesablı məğlubiyyəti ilə nəticələndi – 0:3. Şəmkir şəhər stadionunda da eyni adlı komandanın debütü 3 top fərqli uduzmaq oldu – 1:4. Sadəcə, burada rəqiblər – “Olimpiya” ilə “Tbilisi” ilə səviyyə fərqi böyük olsa da, daha zəif olan gürcülərdən daha çox qol buraxdıq. Bu, Şəmkirdə yeganə beynəlxalq oyunumuz oldu.

Bundan sonra da əyalətdə 2 arenamız avrokubok oyunu ilə debüt etdi. Ancaq həm “MKT-Araz” İmişlidə, həm də “Xəzər Lənkəran” Lənkəranda zəif rəqibləri keçə bilmədi. Düzdür, hər iki halda, meydanı məğlub tərk etmədik. Üstəlik, “MKT-Araz” avrokuboklarda yeganə qələbəsini məhz debütündə, doğma meydanında qazandı – 1:0. Ancaq Tiraspol şəhərinin eyni adlı təmsilçisi komandamızla evdəki cavab görüşündə lazımı hesabla qalib gələrək (2:0), mərhələ adladı. “Xəzər Lənkəran” isə qitə miqyaslı turnirində uzun müddətdə kənarda qaldığı doğma stadionunda buraxdığı qola (1:1) görə mübarizəni dayandırdı. Çünki hər 2 oyun bərabərliklə nəticələnəndə səfərdə çox qol vuran komandaya üstünlük verilir.

2-ci dəfə avrokuboklarda çıxış edən AZAL debütdə Respublika stadionunda oynadı. Maraqlıdır ki, onda da – Serbiyanın “Voyvodina” ilə klubu ilə görüş 1:1 hesabı ilə nəticələnmişdi. AZAL bu ildən Şüvəlan qəsəbəsindəki istifadəyə verilən stadionunda uduzmasa da, evdə qol buraxmaqla, mərhələ keçmək şansını çətinə saldı. Ancaq 1:1 hesablı bərabərliyin əvəzi iyulun 7-də Minskdəki cavab görüşündə çıxmaq mümkün olarsa, “təyyarəçilər” tarix yazacaq. Belə ki, avrokuboklarda debüt edən stadionlarımızda sonda mərhələ keçə bilməmişik. UEFA-nın “Olimpik-Şüvəlan” göstərdiyi komandamız bunu reallaşdırarsa, növbəti ilkə imza atacaq. Bu isə Nazim Süleymanovun çalışdırdığı komandamız üçün yaxşı stimuldur.

Qeyd edək ki, Şüvəlanda avrokuboklarda ilk qolu 11-ci dəqiqədə “Minsk”in futbolçusu İqor Voronkov vurdu. Bundan cəmi 3 dəqiqə sonra hesabı bərabərləşdirən nigeriyalı yarımmüdafiəçi Viktor İqbekoyi AZAL-ın bu arenada beynəlxalq miqyasda ilk qolunu vuran kimi adını tarixə yazdırdı.


Avrokuboklarda stadionlarımızda debüt oyunları

1994/95 mövsümü
UEFA kubokunun I təsnifat mərhələsi, cavab oyunu
Sumqayıt, şəhər stadionu
“Turan” (Tovuz) – “Fənərbaxça” (İstanbul, Türkiyə) – 0:2

1996/97 mövsümü
UEFA kubokunun I təsnifat mərhələsi, ilk oyun
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
“Neftçi” (Bakı) – “Lokomotiv” (Sofiya, Bolqarıstan) – 2:1

1997/98 mövsümü
Kuboklar Kubokunun I təsnifat mərhələsi, cavab oyunu
Gəncə, şəhər stadionu
“Kəpəz” (Gəncə) – “Dinaburq” (Riqa, Latviya) – 0:1

2001/02 mövsümü
UEFA kubokunun I təsnifat mərhələsi, cavab oyunu
Bakı, “Şəfa” stadionu
“Şəfa” (Bakı) – “Olimpiya” (Lyublyana, Sloveniya) – 0:3

2004/05 mövsümü
UEFA kubokunun I təsnifat mərhələsi, cavab oyunu
Şəmkir, şəhər stadionu
“Şəmkir” – “Tbilisi” (Gürcüstan) – 1:4

2006/07 mövsümü
İntertoto kubokunun I mərhələsi, ilk oyun
İmişli, Heydər Əliyev adına şəhər stadionu
“MKT-Araz” (İmişli) – “Tiraspol” (Moldova) – 1:0

2010/11 mövsümü
Avroliqanın I təsnifat mərhələsi, cavab oyunu
Lənkəran. Şəhər mərkəzi stadionu
“Xəzər Lənkəran” – "Olimpiya” (Beltsı, Moldova) – 1:1

2011/12 mövsümü
Avroliqanın I təsnifat mərhələsi, ilk oyun
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
AZAL (Bakı) – “Minsk” (Belarus) – 1:1

Mehman SÜLEYMANOV