Rednik Borbeli haqda qərar verdi
02.07.2011 - 08:52
Rednik Borbeli haqda qərar verdi
Avropa Liqasının II təsnifat mərhələsində “Makkabi” (İsrail) ilə qarşılaşacaq “Xəzər Lənkəran” daha bir futbolçu ilə müqavilə bağlayır. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Mirça Rednik 10 gündür “ağ-yaşıllar” düşərgəsində olan Çaba Borbeli ilə münasibətləri rəsmiləşdirmək qərarına gəlib. Onunla iyulun 5-də 1 illik müqavilə bağlanacaq.

31 yaşlı hücumçu ötən mövsüm “Otselul”la Rumıniya çempionu olub və bu komandada keçirdiyi 8 matçda 1 dəfə fərqlənib. Karyerası daha çox vətənində müxtəlif klublarla bağlı olan Borbeli Rumıniya çempionatının yüksək liqasında 92 oyun keçirib və 10 qol vurub. Ölkədən kənarda yalnız Macarıstanın “Ferentsvaroş” klubunda forma geyinib.

Qeyd edək ki, “Xəzər Lənkəran” mövsümlərarası fasilədə 4 legioner transfer edib. Bunlardan üçü Buxarest “Styaua”sından gəlib. Bu, braziliyalı yarımmüdafiəçilər Rikardo Qomeş Vilana ilə Eder Joze de Oliveyra Bonfim və rumıniyalı hücumçu Marius Onofraşdır.

Nigeriyalı hücumçu Tosin Dosunmu isə Belçikanın “Jerminal” klubundan transfer edilib.