Türkiyə futbolunda kütləvi həbslər: Əziz Yıldırımla Bülənt Uyğun da saxlanıldı
03.07.2011 - 15:12
Türkiyə futbolunda kütləvi həbslər: Əziz Yıldırımla  Bülənt Uyğun da saxlanıldı
Bu gün səhər Türkiyədə polis şok effekti yaradan əməliyyata başlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, əməliyyat zamanı İstanbulun "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım da saxlanılıb.

Klub rəhbəri futbolda rüşvət iddialarına görə, azadlıqdan məhrum edilə bilər. Əziz Yıldırımla yanaşı "Trabzonspor"un vitse-prezidenti Nevzat Şakar, "Fənərbaxça"nın rəsmisi Şekip Mosturoğlu,futbolçular Sərkan Çalık, Sərdar Kulbilge, Ümit Karan, Əmrə Belözoğlunun qohumu və ümumilikdə 40 nəfər də saxlanılıb.

Onların sırasında olan "Sivasspor"un prezidenti Məcnun Odyakmaz mətbuatın suallna "Mən də bilmirəm, gedəndə biləcəyik" cavabını verib.

Saxlanılanlar arasında "Fənərbaxça"nın yeni transferi Eminike və Sezer Öztürk də var.

Polis əməliyyatı İstanbul və Antalyada keçirib. Saxlanılanların hamısı oyun alqı-satqısında şübhəli bilinir.

Əməliyyatda ilk olaraq Əziz Yıldırım polisə aparılıb. Kıub prezidenti müalicə olunmasına baxmayaq, polis onu saxlayıb.

Məlumata görə, polis "Fənərbaxça"nın "Eskişehirspor"u 3:1 hesabıyla məğlub etdiyi oyunun "satılması" versiyasını araşdırır. Bundan başqa, "Eskişehirspor" - "Trabzonspor" (1:1) matçıyla bağlı da araşdırma aparılır.

Polisin "Fənərbaxça" və "Trabzonspor"un ofislərində yoxlama apardığı bildirilir.

Əməliyyatın həftəsonuna qədər davam edəcəyi və saxlanılanların ən azı 100-ə çatacağı bildirilir.

Ən son məlumatlara görə, saxlanılanlar arasında "Eskişehirspor"un baş məşqçisi Bülənt Uyğun da var.