Şahin Diniyev: Heç vaxt menecerlərə yalvarmamışam ki, mənə komanda tapın
04.07.2011 - 11:37
Şahin Diniyev: Heç vaxt menecerlərə yalvarmamışam ki, mənə komanda tapın
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev İranda çalışacaq. Bu haqda apasport.az saytına Diniyevin özü məlumat verib. 45 yaşlı həmyerlimiz Tehranın “Rah-Ahan” klubunu çalışdıracağını bildirib: “Hazırda yoldayam, İrandan qayıdıram. Bir neçə günlük Tehranda oldum. Yeni komandam yazıldığı kimi, Təbrizin yox, Tehranın təmsilçisidir. Ötən mövsümü 15-ci yerdə bitirsə də, yüksək liqada yerini qorumaq vəzifəsini yerinə yetirib. Klubu yeni sahibkarlar alıb. Onlar “Rah-Ahan”a tamam başqa, yüksək səviyyədə şərait yaradaraq, gələcəklə bağlı iddialıdırlar. Mən İran paytaxtına gedib, vəziyyətlə yerində tanış oldum və gördüklərim məni razı saldı. Biz müqavilə şərtlərini razılaşdırdıq və məsələni rəsmiləşdirmək qalır. Bununla hüquqşünaslar məşğul olur. İyulun 8-ə kimi məsələ rəsmiləşəcək. “Rah-Ahan”la 1 illik müqavilə imzalamışam”.

Diniyevin özün üçün təklif gözlənilməz olub: “Hər şey müəmmalı oldu və 2 günün ərzində həll olundu. Heç vaxt menecerlərə yalvarmamışam ki, mənə komanda tapsınlar. Mənimlə əlaqə saxlayaraq, belə variant olduğunu dedilər. Klubdan e-mail ünvanıma məktub gəldi və məni rəsmən İrana dəvət etdilər. Hesab edirəm ki, İran çempionatı Azərbaycan Premyer Liqasından qat-qat güclüdür. Üstəlik, ölkəni kənarda təmsil etmək böyük şərəfdir və mən bütün bunları nəzərə alaraq, qonşu ölkədə çalışmağa razılıq verdim”.

Millimizin sabiq çalışdırıcısı İrana uyğunlaşmaqdan daha çox başqa problemə toxunub: “Artıq iyulun 28-də İranda növbəti çempionat başlayır. Göründüyü kimi, vaxt azdır və bu üzdən çətin olacaq. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Klubun sahibkarları dəyişəndən sonra yığışmamışdılar, məni gözləyirdilər. Mən hazırlıq planını iranlılara vermişəm. İyulun 7-də axşam Tehrana qayıdıram. 8-dən 15-dək orada, 15-dən 22-dək Ərdəbildə hazırlıq keçəcəyik. “Rah-Ahan”ın əsasını yerli futbolçular təşkil edir, 2-3 legioneri var. Ora azərbaycanlı futbolçu aparmaq hazırda planlarıma daxil deyil. Rəhbərlik növbəti mövsümdə qarşıma ilk onluğa düşmək vəzifəsini qoyub”.

Qeyd edək ki, son iş yeri də vətəndən kənarda olan Diniyev 2009-10-cu illərdə Rusiyanın “Terek” klubunda çalışaraq, əvvəlcə əvəzedicilərin baş, sonradan əsas komandanın məşqçisi oldu. O, 2009-cu il mövsümünün son 5 oyununda - Vyaçeslav Qroznının istefasından sonra əsas komandada baş məşqçi vəzifəsini icra etdi.

Mehman SÜLEYMANOV