Maksim Medvedev: Rəqib bizə ciddi müqavimət göstərəcək
04.07.2011 - 13:06
Maksim Medvedev: Rəqib bizə ciddi müqavimət göstərəcək
“Ümid edirəm ki, uşaqlar cavab oyununa da yaxşı hazırlaşacaqlar. Səfərdə vurulan 4 qol arxayınçılıq yaratmamalıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev deyib.

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Litvada keçirdiyi oyunda “Banqa”nı 4:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisinin cavab oyununa rahat çıxacağını düşünmək olar. Ancaq Medvedev paytaxtdakı matçda da azarkeşlərin komandamızdan məzmunlu oyun gözlədiyini və buna görə də arxayınlaşmağa əsasın olmadığını bildirib: “Bakıda qələbə qazanmalıyıq. Həm də azarkeşlər stadiona gələcəklər. Onlar da bizdən yaxşı oyun gözləyirlər. Eyni zamanda hər qələbə ölkənin aktivinə reytinq xalı yazdıracaq. Buna görə də boşalma olmayacaq”.

İlk oyunda komandanın iki gənc futbolçusu müxtəlif səbəblərdən meydana çıxmamışdılar. Əfran İsmayılov qazonunun süni, Rauf Əliyev isə zədəsini tam sağaltmadığına görə komanda yoldaşlarına kömək edə bilməyib. Amma müdafiəçi onların bu dəfə meydana çıxacaq durumda olduğunu qeyd edib: “Onlar birinci oyunda meydana çıxmamışdılar. Bakıdakı qarşılaşmada oynayacaqlarını düşünürəm. Raufla Əfranın meydana çıxması hücumdakı gücümüzü daha da artıracaq və qol vuranların sayı çoxala bilər”.

II mərhələdə Farer adalarının təmsilçisi ilə qarşılaşacaq “Qarabağ”ın mərhələdə adlayacağı heç kimə sirr deyil. Belə olan təqdirdə azarkeşlər Ağdam təmsilçinin qrup mərhələsinə adlamağa bir az da yaxın olduğu qənaətindədir. Maksim adalılarla oyunlar haqda ehtiyatla danışıb: “Hələ Farer adalarının təmsilçisinin hansı gücdə olduğunu bilmirik. Düşünürük ki, onlar bizə ciddi müqavimət göstərəcəklər. Öz meydanlarında müəyyən çətinlik yaradacaqlar. Ona görə də rəqibi yaxşı analız etməli, Bakıdakı oyunda məsələni həll etməliyik”.