Əsgər Abdullayev tələbələrini başına yığır
04.07.2011 - 13:20
Əsgər Abdullayev tələbələrini başına yığır
Tovuzun “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev baxışa gələn futbolçular arasında seçim edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis yeni gələnlərlə klubun formasını geyinən tovuzlu futbolçular arasında ikitərəfli oyun keçirib. Qələbəni yerli oyunçular bayram edib.

Nəticədə Abdullayev baxışa gələn futbolçuları yola salıb. Əvəzində o, “Qarabağ”ın yollarını ayırdığı iki futbolçunu komandaya götürüb. Belə ki, vaxtilə “Şəfa”da Abdullayevin rəhbərliyi altında çıxış etmiş müdafiəçilər Aftandil Hacıyevlə Ayxan Abbasov yeni mövsümə “Turan”da başlayacaq. Artıq hər iki futbolçu ilə ilkin razılıq əldə edilib. Müqavilə ilə kluba məxsus olan bolqar yarımmüdafiəçi Martin Kerçev isə yaxın günlərdə “Turan”ın məşqlərinə qatılacaq.

Qedy edək ki, “Turan” buna qədər Ramal Hüseynov, Aleksandr Qoqoberişşvili, Dmitri Parxaçov, Sergey Artyuk, Emin İbrahimov, Nadir Nəbiyev və Ruslan Abbasovu heyətinə qatıb. İlk 3 futbolçu müxtəlif komandalarda Abdullayevin rəhbərliyi altında oynayıb.