“Xəzər Lənkəran”ın sifariş ərizəsi və payladığı nömrələr
04.07.2011 - 14:43
“Xəzər Lənkəran”ın sifariş ərizəsi və payladığı nömrələr
Azərbaycanı Avroliqada təmsil edən “Xəzər Lənkəran” klubunun ilkin sifariş ərizəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 14-də II təsnifat mərhələsinin ilk matçında Təl-Əvivdə “Makkabi” ilə görüşəcək Lənkəran təmsilçisinin sərəncamında olan 23 futbolçusuna nömrələr paylanıb.

Cənub klubunun yeni futbolçuları boş qalan nömrələrə sahib çıxıblar. Belə ki, litvalı müdafiəçi Ramunas Radaviçius rumıniyalı müdafiəçi Manuel Skarlatakenin 4 nömrəsini götürüb.

“Xəzər Lənkəran” icarə əsasında onun şərəfini qoruyan Manueli saxlaya bilməyib və onu müqavilə ilə məxsus olduğu Buxarest “Dinamo”su geri qaytarıb. Əslində, son baxışa gələn Ramunasın qalacağı hələ dəqiqləşməyib.

Sadəcə, “Xəzər Lənkəran”da arxa xətt oyunçularının sayının az olduğunu nəzərə alsaq, bombardir müdafiəçinin transferi gözlənilir.

Eder Joze de Oliveyra Bonfim “Xəzər Lənkəran”da ötən mövsümün II yarısında icarə əsasında oynayaraq, geri qayıdan digər rumıniyalı müdafiəçi Nikolae Muşatın geydiyi 8, Florian Hidişan rumıniyalı yarımmüdafiəçi Adrian Pitin daşıdığı 17 nömrəni götürüb.

Çaba Borbeli lənkəranlıların qışda transfer edərək, hələ mövsüm bitməmiş qovduğu rumıniyalı hücumçu Aleks Pitsurkanın 9 nömrəsini götürüb. Nigeriyalı hücumçu Tosin Dosunmu “Xəzər Lənkəran”ın icarəyə verdiyi gənc yetirməsi Amid Hüseynovun daşıdığı 20 nömrədə çıxış edəcək.

Cənubluların mövsüm bitəndən sonra yollarını ayırdığı rumıniyalı yarımmüdafiəçi Stelian Stankunun 77 nömrəsi Marius Onofraşa qismət olub. Braziliyalı transferlər Joao Paulo Pinto Ribeyro ilə Rikardo Qomeş Vilana götürdükləri 80 və 81 nömrələr yenidir.

Komandaya ötən yay gələn Katalin Doman isə nömrəsini daşıyıb. Belə ki, 30 nömrəni daşımış legioner Ruslan Poladovun gedişindən sonra boş qalan 7-ni götürüb. Uinston Parksın gedişindən sonra hücum xəttində boşluğu olan “Xəzər Lənkəran” mövsümlərarası fasilədə əsas diqqətini ön xətti gücləndirməyə yönəltdi. Bu üzdən komandanın sifariş vərəqində hücumçuların çoxluğu diqqət çəkir.



Qeyd edək ki, “Xəzər Lənkəran”ın UEFA-ya iştirak ərizəsini təqdim etmək üçün iyulun 8-i gecə saat 00:00-a (iyulun 9-u Bakı vaxtilə saat 3:00-a) kimi vaxtı var.