Mərkəzi oyundan imtina edən hakim Lənkəranda
04.07.2011 - 17:30
Mərkəzi oyundan imtina edən hakim Lənkəranda
“Xəzər Lənkəran” klubunun Avroliqanın II mərhələsindəki oyunları idarə edəcək hakimlərin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İsrail “Makkabi”i ilə Təl-Əvivdəki qarşılaşmanın baş hakimi İlias Spatas təcrübəsi ilə öyünə bilməz. 31 yaşlı hakim 2005-ci ildə Yunanıstan Superliqasında idarəçiliyə başlayıb. 2010-cu ildən FİFA referisi olan Spatasin yolu Azərbaycan komandaları ilə indiyədək kəsişməyib. İlias daha çox atası Yannis Spatasa görə tanınır. Belə ki, oğlu kimi hakim olan Yannis 2003-cü ildə televiziya şoularının birində “Olimpiakos” klubuna “xidmət edən” hakim kimi təqdim olunaraq biabır edilib.

İyulun 21-də Lənkərandakı matçda fit çalacaq Andrey Şandor isə daha təcrübəli sayılır. 35 yaşlı referi 2002-ci ildən FİFA hakimidir. Əslən Lvovdan olan hakim bu 9 il yarım ərzində o qədər də çox təyinat almayıb. Lakin 1 dəfə bizimkilərlə yolu kəsişib. Bu, Avroliqanın ötən mövsümünə təsadüf edib. Şandor Makedoniyanın paytaxtı Skopyedə keçirilən “Metallurq” – “Qarabağ” qarşılaşmasında 1:1 hesabını qeydə alıb.

Şandor 2003-cü ilin oktyabrında məşhurlaşıb. Belə ki, o, Ukrayna çempionatının mərkəzi oyunu olan “Dinamo” – “Şaxtyor” matçına təyinat alıb. Lakin Şandor bundan imtina edib və səbəbinə mətbuatdakı tənqidlərlə bağlayıb.

Qeyd edək ki, Şandorun hobbisi kolleksiya toplamaq və səyahtə çıxmaqdır.