“Təyinat mənim üçün bir qədər gözlənilməz oldu”
05.07.2011 - 08:56
“Təyinat mənim üçün bir qədər gözlənilməz oldu”
Bakının "İnter" komandasının əvəzedici heyətinin yeni baş məşqçisi Tofiq Mustafayev klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, hazırda Qusarda təlim-məşq toplanışında olan komandanın çalışdırıcısı təyinatı və təlim-məşq prosesinin gedişi barədə fikirlərini açıqlayıb.

- Oncə sizi «İnter»in əvəzedici komandasının baş məşqçisi təyin olunması münasibətilə təbrik edirik. Maraqlıdır, bu təyinatı necə qarşıladıniz?
- Mənə etimad göstərdiklərinə görə ilk növbədə əsas komandanın baş məşqçisi Kaxaber Tsxadadzeyə və onun köməkçilərinə, o cümlədən klubun prezidenti Georgi Nikolova və komandanın direktoru Müzəffər Novruzəliyevə təşəkkürümü bildirmək istəyirəm. Doğrusu, təyinat mənim üçün bir qədər gözlənilməz oldu. Ona görə ki, “İnter” klubunda 6 aydır çalışırdım. 1996-cı il təvəllüdlü futbolçularla işləyirdim. Bilirsiniz ki, çalışdırdığım komanda bu mövsüm Azərbaycan çempionatında 3-cü yeri tutdu. Əməyimlə bu etimadı doğrultmağa çalışacağam.

- Komandanın hazırlıq prosesi necə gedir?
- Sualınıza yenə də təşəkkür etməklə başlayacağam. Təlim-məşq toplanışı keçirilməsi üçün belə bir şərait yaratdığına görə klub rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Prosesə iyun ayının 27-də Bakıda start verdik, 4 gün yüngül məşqlər oldu. Ayın 30-da məşq etdikdən sonra Qusara yollandıq. Gün ərzində 3 dəfə məşq keçirik. Səhər məşqini də nəzərə alıram. Birinci mərhələdə fiziki hazırlığa xüsusi diqqət ayırırıq. Onu da deyim ki, uşaqlar həvəslə çalışırlar. “İnter” PİK UGFM-nin 1994-cü il təvəllüdlü futbolçularının bəziləri də hazırda baxışdadırlar və bəyəndiyimiz futbolçuları komandada saxlayacağıq.

- Burada yerli komandalarla oynamağı planlaşdırırsınızmı?
- Bəli, ayın 12-də “Şahdağ” komandasıyla yoldaşlıq matçı keçirməyi planlaşdırırıq. Ancaq bundan öncə, yəni iyulun 6-da “İnter”PİK-in Xaçmaz futbol bölməsinin yetirmələrilə qarşılaşacağıq. Bu matç saat 11.00-da baş tutacaq. Elə həmin gün saat 18.15-də Qusarın 20-21 yaşlı futbolçulardan ibarət rayon komandasıyla da görüşməyi planlaşdırırıq. Bu iki yoldaşlıq oyunundan sonra seçimimizi aparacağıq.

- İkinci təlim-məşq toplanışını harada keçirməyi nəzərdə tutursunuz?
- Digər variantlar da vardı, lakin çox güman ki, ikinci toplanış Bakıda keçəcək. Bakıda təlim-məşq toplanışı zamanı yoxlama oyunlarını təşkil etmək bizə çətin olmayacaq.

- Demək olarmı ki, komandanın heyəti tam formalaşıb, yoxsa yeni futbolçuları baxışdan keçirəcəksiniz?
- Yox, heyətin tam formalaşdığını demək olmaz, çünki təlim-məşq prosesi davam edir və əsas heyətdə hansı futbolçuların oynayacağı hələlik bilinmir. İkinci toplanış prosesində də yeni futbolçuları nəzərdən keçirəcəyik və bundan sonra heyətin tam formalaşması barədə danışmaq olar.