“Qarabağ”la “Banqa” arasında saat fərqi
05.07.2011 - 16:14
“Qarabağ”la “Banqa” arasında saat fərqi
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Banqa” (Litva) matçı ərəfəsində keçiriləcək mətbuat konfranslarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 6-da “Qarabağ” oyun öncəsi son məşqinə 20:00-da çıxacaq. 1 saatlıq çalışma media üçün açıq olacaq. Məşqdən 15 dəqiqə əvvəl, 19:45-də isə komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakıyla mətbuat konfransı keçiriləcək.

Ağdamlıların rəqibi Litva klubunun baş məşqçisi Arminas Narbekovas isə 20:45-də media nümayəndələrinin önünə çıxıb suallara cavab verəcək. 21:00-da isə “Banqa”nın məşqi başlayacaq. Mətbuat konfransları və məşqlər oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.

Mənbə: qarabagh.com